İdman

Üç oyuna bir qol vuran Bakı klubunun kapitanı: “Hücumda böyük problem olduğunu düşünmürəm” – MÜSAHİBƏ

Sharing is caring!


“Keçən ildən bəri çempionat çox gərgin keçir. Sonuncu pillənin sahibi çempionatı tərk etdiyi üçün gərginlik artıb. Eyni zamanda, avrokuboklar uğrunda ciddi mübarizə var. Rəqabətə hazır olmalıyıq”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Bakının “Zirə” Futbol Klubunun kapitanı Qismət Alıyev deyib. 26 yaşlı futbolçu komandanın yeni mövsümə hazırlığı, hədəflər, öz karyerası ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Avqustun 4-də Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayacaq. Nə dərəcədə hazırsınız?

– Çempionatın startına sayılı günlər qalıb. Həm Bakıda, həm Türkiyədə yaxşı hazırlıq keçdik. Hər şey məşqçilərimizin planı üzrə gedir. Tam hazır olmağımız üçün bir qədər vaxt lazımdır. Məşqlərdə tam istək, yüksək əhvali-ruhiyyə ilə ilk oyuna hazırlaşırıq.

– “Zirə” bu yay heyətində ən çox dəyişiklik baş verən kollektivlərdən oldu. Bir kapitan kimi fikirləriniz maraqlıdır, gediş-gəlişlər komandanı gücləndirib, yoxsa zəiflədib?

– Belə şeylər çox komandalarda baş verir. Bizdə də bu il həm gedənlər oldu, həm yeni gələnlər. Yeni simalar var. Transferlərimiz, keçən ildən olan futbolçular böyük istəklə çalışırlar. Nə qədər güclü olub-olmadığımızı zaman göstərəcək.

– Türkiyə toplanışında üç yoxlama oyununda cəmi bir qol vura bildiniz. Demək olarmı ki, hücum xəttində problem var?

– Hücumda böyük problem olduğunu düşünmürəm. Üç oyuna bir qol vurmağımız kənardan belə görüntü yarada bilər. Amma matçları analiz edəndə görürük ki, bu görüşlərdə çox yaxşı hücumlarımız olub. Sadəcə, onları tam dəyərləndirə bilmədik. Əsas odur ki, səhvlərimizi çempionatda təkrarlamayaq. Düşünürəm ki, yeni mövsümdə bunu bacaracağıq.

– “Zirə” keçən mövsüm son turda avrokuboklardan kənar qaldı. Növbəti mövsüm üçün hədəfiniz nədir?

– Bəli, ötən mövsüm son anda avrokubokdan kənar qaldıq. Bu yay təlim-məşq toplanışımız uzun oldu. Səhvlərin üzərində işlədik. Növbəti mövsüm üst pillələrdə qərarlaşmağa, Konfrans Liqasına vəsiqə qazanmağa çalışacağıq.

– Yəqin ki, digər klubların da transfer fəaliyyətini, hazırlığını izləyirsiniz. Görünən odur ki, bütün komandalar güclənirlər. Mütəxəssislər daha gərgin çempionat olacağını düşünürlər. Rəqabətə hazırsınız?

– Demək olar ki, bütün komandalar transferlər edir, heyətlərini gücləndirməyə çalışırlar. Amma biz bu məqamlara çox da fikir vermirik. İlk növbədə özümüzü düşünürük. Keçən ildən bəri çempionat çox gərgin keçir. Sonuncu pillənin sahibi çempionatı tərk etdiyi üçün gərginlik artıb. Eyni zamanda, avrokuboklar uğrunda ciddi mübarizə var. Komanda şəklində buna hazır olmağa çalışırıq. Rəqabətə hazır olmalıyıq.

– Uzun müddətdir, “Zirə”də çıxış edirsiniz, kapitansınız. Sizcə, gənc klub illər ərzində istənilən səviyyədə inkişaf edə bilirmi?

– Artıq neçə illərdir, buradayam. İlk gündən bəri həm rəhbərlik, həm məşqçilər yanımızda olublar. Hər kəs komandanın inkişafına çalışır. Meydanda isə biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, inkişaf daha sürətli olsun. Bunu davam etdirəcəyik.

– Karyeranızdan danışaq. Artıq 26 yaşınız var. Karyeranızın zirvəsindəsiniz, yoxsa daha yaxşı olacaq?

– Deməzdim ki, bu, pik nöqtədir. Hər gün yeni nəsə öyrənməyə, inkişaf etməyə çalışıram. Bundan yaxşı olmasını arzulayıram.

– Futbolçu kimi əsas hədəfiniz nədir?

– Hazırda “Zirə”dəyəm, istəyərəm ki, burada böyük nailiyyətlər olsun. Avropada klubu təmsil etmək istəyirəm.

– Nə vaxtsa ölkə xaricində oynamağı düşünürsünüz?

– Fikrim tam olaraq “Zirə”dədir. Ən yaxşısını etməyə çalışıram. Sonradan təklif olarsa, dəyərləndirmək olar.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir