İdman

Nazim Mövsümzadə: “Gənclər çox əziyyət çəkmişdilər və yarışda öz sözlərini dedilər”

Sharing is caring!


“Yaponiyada komanda hesabında birinci yeri tutduq”.

Oxu.Az xəbər verir ki, bunu Yaponiyanın Okinava şəhərindəki beynəlxalq turnirdə medallar qazanmış koşiki-do karate üzrə Azərbaycan millisinin baş məşqçisi Nazim Mövsümzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis 15 ölkənin təmsil olunduğu yarışda uğur əldə etmək üçün çox əziyyət çəkdiklərini bildirib:

“Turnirdə bacarığımızı göstərməyə çalışdıq və komanda hesabında birinci yeri tutduq. Gənclər çox əziyyət çəkmişdilər və yarışda öz sözlərini dedilər. Həmişə çalışmışıq ki, onlar üçün nümunə olaq. Federasiyanın fəxri prezidenti Adnan Əhmədzadəyə və qurumun prezidenti Rafael Bünyatova təşəkkür edirəm. Bizə çox dəstək oldular və hərtərəfli köməklik göstərdilər. Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq öz işindədir. Yaşasın Azərbaycan!”

50 kq çəki dərəcəsində qızıl medal qazanan Sevinc Mövsümzadə turnirdə iştiraka şərait yaratdığı üçün federasiya rəhbərliyinə təşəkkür edib:

“Avstraliya, Yaponiya və Yeni Zelandiya idmançılarını üstələmişdim. Atam Nazim Mövsümzadə qızıl medal qazananda isə daha çox sevindim”.

60 kq-da yarışan Kənan İsmayılzadə ilk və final görüşlərinin çətin keçdiyini söyləyib:

“Ardıcıl olaraq Avstraliya, Yeni Zelandiya və yenidən Avstraliya təmsilçisinə qalib gəldim. Qızıl medal qazandığım və bayrağımızı dalğalandırdığım üçün sevincliyəm. Birinci beynəlxalq yarışım olduğu üçün çox həyəcanlı idim. Amma yaxşı hazırlaşmışdıq və belə nəticə qazanacağımızı gözləyirdik”.

Qeyd edək ki, iyulun 22-23-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması kata və kumitedə, eyni zamanda, veteranlar arasında yarışda iştirak edib. Katada 18-19 yaş kateqoriyasında qızlar arasında ikinci dan qara kəmər sahibi Sevinc Mövsümzadə (50 kq), +40 yaş kateqoriyasında veteranlar arasında altıncı dan qara kəmər sahibi, millinin baş məşqçisi Nazim Mövsümzadə qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq) gümüş medal qazanıblar. Onlar şəxsi kumitedə də birinci yeri tutublar. Ümumilikdə, Azərbaycan yığması turniri beş qızıl və bir gümüş medalla tamamlayıb.

İdmançılarımız turnir ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisatakanın beynəlxalq seminarında da iştirak ediblər və müvafiq ustalıq dərəcələrinə layiq görülüblər. Onlar sertifikatlarla təltif olunublar.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir