İdman

“O qədər futbola bağlıdır ki, hələ evlənməyib…” – Müəllimi Qaranın bütün həyatına işıq saldı – MÜSAHİBƏ

Sharing is caring!


Qara Qarayevin “Qarabağ”dan ayrılması birmənalı qarşılanmayıb. Düzdür, futbolçunun bir klubdan başqasına transferi normal haldır. Amma “Qarabağ”da keçən 18 illik karyeradan sonra əzəli rəqib “Neftçi”ni seçməsi müzakirələrə yol açıb. İstənilən halda, Qara məhz “Qarabağ”ın yetirməsi idi. Uşaqlıqdan bu klubda futbolun sirlərinə yiyələnən, kapitanlığa qədər gəlib çıxan tək-tük futbolçulardandır desək, yalan olmaz. Onu “Qarabağ”a gətirən və ilk məşqlərini keçən şəxs isə Elnur Zeynalovdur. 

Bu səbəbdən Zeynalovun fikirlərini də öyrəndik. O, Qaynarinfo.az-a müsahibəsində tələbəsinin hazırkı durumu, “Qarabağ”dan ayrılması və “Neftçi”yə transferinə münasibətini bildirib:

– İlk müəllimi kimi Qaranın “Qarabağ”dan ayrılması xəbərini necə qarşıladınız?

– Açığı, adi qarşıladım. Futbol aləmində hər şey olur, bunlar adi haldır. Düzdür, Qara kimi həssas, 18 il eyni komandada oynamış bir insan üçün öz evindən ayrılmaq ağır qərardır. Ancaq bu insan oynamaq istəyir, həmişə hədəfləri olub. Ona görə də düzgün qərardır. Ehtiyatda oturmağı qəbul etsəydi, ona birtəhər baxardım ki, niyə bununla razılaşdı? Razılaşmamağı onu göstərir ki, oynamaq niyyəti var. Rahat 5-6 il oynaya bilər. Hətta inanıram ki, yığmaya da qayıdacaq. Millidə əsas heyətə layiq olduğunu göstərəcək.

– Həqiqətənmi Qara son vaxtlar ehtiyat oyunçular skamyasında oturmağa layiq idi? Ümumiyyətlə, son illərdə eniş yaşayırdımı?

– Futbolçularda adətən sıx qrafiklə oynayanda belə hallar olur. Həm mənəvi, həm fiziki cəhətdən yorulurlar. Məşqçilər adətən dəyişikliklər, rotasiyalar edirlər. Müəyyən futbolçulara istirahət verirlər. Qısa dönəm olur ki, futbolçular formadan düşürlər. Qara intizamına diqqət edən, nümunəvi futbolçulardandır. Fikrimcə, oynamamasının formadan düşməsi ilə əlaqəsi yoxdur. Ola bilər baş məşqçinin gözündə müəyyən futbolçular daha yaxşıdır. Əlbəttə ki, komandanın içində olduğu üçün özü daha yaxşı bilər. Fikrimcə, Qara nə Romaodan, Yankoviçdən nə də digərlərindən zəif idi. Premyer Liqada elədir ki, müəyyən futbolçunu qaldırmaq istəyirsənsə, digəri yaddan çıxır. Çünki peşəkar futbolçuya bir balaca şans verəndə, onu dəyərləndirir. Qara o səviyyəyə düşməmişdi ki, ehtiyatda otursun. Dekabrda avrokuboklarda oynayırdı. Komandanın ən yaxşılarından idi. Mümkün deyil ki, futbolçu 15 günə formadan düşsün. Klubun, baş məşqçinin öz qərarı var. Mən də fikrimi deyirəm. 

– Milliyə dəvət almamasının Qaraya hər hansı psixoloji və ya digər formada təsir etdiyini və nəticədə eniş yaşadığını düşünmək olar?

– O, Azərbaycanın adı, bayrağı, torpağı ilə nəfəs alan insandır. Onun üçün “Qarabağ” və yığma ən vacib dəyərdir. Mənasız yerə, heç nədən futbolçunu yığmadan uzaqlaşdırmaq, əlbəttə, absurddur. Məşqçi ilə futbolçu arasında insident baş verirsə, bu, komandanın oyununa təsir etməməlidir. Bu, yığmadır, sənin evin deyil ki, şəxsi ədavət aparasan. Ağsaqqal adamsansa, çıxış yolu tapmalısan. “Qaranın boyu Eddidən balacadır”, – deyib yığmadan uzaqlaşdırmaq və yenidən elə Qara boyda olan Elvin Camalovu oynatmaq məşqçinin yalan danışdığını göstərirdi. O cümlədən, “Qarabağ”da Romaonun yanında Yankoviçi oynatmaq… Elə Yankoviç də Qara ilə eyni boydadır. Düzdür, bu amil müəyyən müddət təsir etsə də, inanmıram ki, Qaranın oyununda hansısa dəyişikliyə səbəb olar. Çünki onun xarakteri dəmir kimidir. Futbolçu kimi sarsılması mümkün deyil. Baxmayaraq ki, ürəyiyumşaq, kövrək insandır. Bu, Qaranı daha da gücləndirir, onu motivasiya edir. İnanıram ki, yığmaya da qayıdar. Millidə onu qorumağa layiq insanlar oynamalıdırlar. Yığmada azərbaycanlılar oynamalıdırlar. Baxırsan ki, 3-4 yerli oyunçu var. Qalanı xarici ölkələrdəndir. “Yamaq” vurmaqla futbolumuz düzəlməyəcək. Ondansa yerlilərimizi Avropaya tanıtdıraq. Legioner şöhrətini, pulunu qazanır, sabah çıxıb gedəndə heç “Çox sağ ol” da demir.

– Son vaxtlarda onunla əlaqə saxlamışdınız? Nə düşünürdü?

– Son ana qədər fikri “Qarabağ”da idi. İnsan oynamaq istəyir və bunu təbii qarşılamalıyıq. Çox nadir hallarda olub ki, kənarda qalıb. Dekabrdan sonra isə daha az şans qazanmağa başladı. Hətta, soruşmuşdum ki, şans verilməsə, nə edəcək. Fikrinin “Qarabağ”da olduğunu, mübarizə aparacağını demişdi. Yəqin mədəni şəkildə başa salıblar ki, az şans qazanacaq. O da məcburiyyətdən klubunu dəyişib. 

– Bəlkə də başqa kluba getsə, bu qədər müzakirələrə səbəb olmazdı. Amma “Neftçi”yə transfer olundu. Qaranın əzəli rəqibi seçməsinə münasibətiniz necədir?

– Mətbuatda “Sabah”la “Neftçi”nin adı hallanırdı. Yəqin ki, seçimini edib. Hər ikisi Azərbaycanın köklü klubudur. Bunu faciəyə çevirməyə də ehtiyac yoxdur. Rəşad Sadıqov və onun kimi futbolçular da “Neftçi”dən “Qarabağ”a keçmişdilər. Onlara da az şans verilirdi. Futbolçular Azərbaycanı təmsil edirlər. Burada ədavət yaratmağın mənası yoxdur. Ölkə balacadır, cəmi 3-4 “bərkgedən” klubumuz var. 

– Bu keçid “Qarabağ” azarkeşlərinin narazılığına da səbəb ola bilər…

– Ola bilər, amma həmişə deyirəm ki, “Qarabağ” azarkeşləri öz futbolçularının arxasında durur, ona dəstəyini göstərirlər. Qara uşaq yaşlarından “Qarabağ”da olub. Yəqin, heç bir azarkeş istəməz ki, klubun əfsanəsi sayılan futbolçu göz görə-görə ehtiyat oyunçu kimi qalsın və getdikcə unudulsun. Fikrimcə, yaşıl meydanlarda göstərdiyi oyunla karyerasını bitirsə, daha çox yadda qalar. Nəinki belə unudulmuş şəkildə. Normal qəbul edilməlidir. Sabah həmin azarkeşlərin də övladları futbolçu ola və müəyyən klublarda oynaya bilərlər. Ona görə də anlayışla yanaşmaq lazımdır. Fikrimcə, hər klub heyətdə uzunmüddətli oynayan futbolçusuna dəstək olmalıdır. Bu, təkcə Qaraya deyil, digər futbolçulara da aiddir. Bəzən yaxşı karyerası olanları elə unudurlar ki, sanki belə oyunçu yox imiş. Bu, Avropada da belədir. Məsələn, Hakan Şükür. Düzdür, onun məsələsində müəyyən siyasi nüanslar var idi. Amma belə futbolçunu tarixdən silmək düzgün deyildi. Totti “Roma”da futbola başladı, elə burada da karyerasını bitirdi. O cümlədən, Franko Barezi, Maldini… İtaliya klubları belə məsələlərə daha həssas yanaşır. “Qarabağ”ın şəxsi işidir, amma məncə, bu futbolçu belə asan buraxılmamalı idi. Komandada 500-ə yaxın oyun keçirib, uşaq futbolunun ən ağır vaxtlarında “Qarabağ”da oynayıb. Elçin Xudadatov asfaltda məşq keçən vaxtlarda Qara orada oynayıb. Demək olar, sıfırdan “Qarabağ”ın futbolçusu sayılır. Yoxlasanız, görərsiniz ki, heç kim o yaşda komandaya düşməmişdi. Qaranın sıfırdan kapitanlığa qədər yüksəlməsi klub üçün tarixi məqamdır. “Qarabağ”a da uğurlar, “Neftçi”yə də.

– “Neftçi”nin heyətində Qaranın mövqeyində oynayan, Filip Ozobiç, Emin Mahmudov, Eddi İsrafilov kimi futbolçular var. Fərqli taktika olacaq, üstəlik, yaş da az deyil. O, “Neftçi”yə nə dərəcədə uyğunlaşa biləcək?

– Hər futbolçu üçün uyğunlaşmağa zaman lazımdır. “Qarabağ”da oynadığı futbol fərqli idi. Məşqçinin taktiki tapşırıqları da tam fərqlidir. Ümumi götürəndə, peşəkar futbolçu üçün bunun heç bir fərqi olmamalıdır. Maraqlıdır ki, Qara rəqabətli yerdə oynamaq istəyir. Halbuki daha asan liqalarda oynaya bilərdi. Yəqin ki, problemi olmayacaq. Rəqabət olan yerdə artım da olur. Belə baxanda problemi olmamalıdır. Çünki Ozobiç, Emin və Eddi ilə birlikdə yığmada oynayıblar. Ümidvaram ki, rəqabətdə qalib tərəf məhz Qara olacaq. Ehtiyatda oturmaq istəsə, elə “Qarabağ”da qalardı. Futbolçu var ki, 4-5 il ehtiyatda oturmaqla kifayətlənir. Mən bunun tərəfdarı deyiləm.

– Qarayevin “Neftçi”yə keçidində maliyyənin də rol oynadığını deyirlər…

– “Qarabağ”da oynadığı vaxtlarda Moskva “Lokomotiv”indən təklifi vardı, hansı ki, qat-qat artıq pul verirdilər. Qriqorçuk “Qəbələ”də işlədiyi dönəmlərdə “Qarabağ”dan daha çox maliyyə təklif etmişdilər. Ötən mövsüm Avropadan yaxşı təklif almışdı. Xeyli pul da verəcəkdilər. Amma Qara pula qaçmadı. Futbolçu həyatı qısadır. Pul qazanmalıdır və buna pis baxılmamalıdır. Əlbəttə, pis çıxmasın, yüksək maaş təklif olunsa, biz də istiqamətimizi dəyişə bilərik. Bu sırf peşəkarlıqla bağlıdır. İnanmıram ki, Qarayev “Neftçi”yə məhz pula görə getsin. İlk növbədə məqsədi oynamaq idi. “Neftçi” daha çox pul veribsə, sağ olsun ki, qiymətləndirib. “Yaşı keçir”, “qocalır” deyənlər ola bilər. Amma yəqin ki, “Neftçi” pulunu havaya atmaz. Təcrübəsinə güvənirlərsə, “Qara, sən hələ bitməmisən” mesajı ilə ona pul verilirsə, sağ olsunlar. Digər tərəfdən, Qara ən yaxşı vaxtlarında heç vaxt “filan yerə gedərəm” deməklə, “Qarabağ”ı şantaj etməyib. O, heç vaxt belə şeyləri qəbul etməyib. Uşaqlıqdan arzusu futbol oynamaq, Azərbaycan çempionluğunu qazanmaq, yığmanın formasını geyinmək olub. Bu insan futbolun fanatıdır. Adam o qədər futbola bağlıdır ki, hələ evlənməyib (gülür). Başı qarışıq olurdu, çempionat bitirdi, 15 gündən sonra yenə yığılırdılar. O qədər vaxt məhdudiyyəti olub ki, gözü futboldan başqa heç nəyi görməyib. Pula görə harasa getdiyini desələr, Qaraya qarşı haqsızlıq olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir