İdman

Dünya çempionatında iki qızıl medal qazanan para-atlet: “Parisə yollananda buna inanırdım” – FOTO

Sharing is caring!


“Parisə yollananda bu uğuru qazanacağıma inanırdım. Çünki yaxşı hazırlıq keçirdim”.

“Report”un məlumatına görə, bunu Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan idmançısı Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

100 və 400 məsafələrə qaçışda birinci yeri tutaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edən L.Vəliyeva buna görə sevincli olduğunu bildirib:

“Bütün yarışlarımı ciddi qəbul edirəm və Vətənimi layiqli şəkildə təmsil etməyə çalışıram. Hər gün məşq edirəm ki, bu cür yarışlarda gücümü göstərə bilim. Sübut etmək istəyirəm ki, millətimiz həmişə ön sırada olmalıdır. Özümlə çox fəxr edirəm”.

O, indidən 2024-cü ildə keçiriləcək paralimpiada barədə fikirləşdiyini söyləyib:

“Orada rəqabət güclü olur. Hər saat mənim üçün vacibdir. Yaxşı hazırlaşmalıyam ki, Vətənimi həmin turnirdə də layiqincə təmsil edə bilim. Bu, mənim borcumdur”.

Fransadakı mundialda uzunluğa tullanma növündə bürünc mükafata yiyələnən Səid Nəcəfzadə nəticəsini Yay Paralimpiya Oyunlarında yaxşılaşdırmağa çalışacağını vurğulayıb:

“Dünya çempionatına yollananda əsas hədəfim Paralimpiya Oyunlarına lisenziya qazanmaq idi. Mundialda ilk dəfə iştirak edirdim. Bundan sonrakı məqsədim isə bir il sonrakı paralimpiadada daha yaxşı nəticə göstərməkdir”.

Qeyd edək ki, Parisdəki dünya çempionatında nüvə itələmə növündə Oloxan Musayev və uzunluğa tullanmada Orxan Aslanov 4-cü olmaqla Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir