İdman

“Qarabağ”ın düşərgəsindən son xəbərlər: Yeni transfer kənarda, Medina məşqlərə çıxmır?

Sharing is caring!


Sabah Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürəcək.

Oxu.Az xəbər verir ki, mübarizəyə ilk olaraq Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” başlayacaq.

Ağdam klubu Cəbəllüttariqdə “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 19:30-da başlayacaq.

İlk sınaq öncəsi hazırda Cəbəllüttariqdə olan komandanın düşərgəsindən bəzi məlumatlar əldə etmişik.

Bəlli olub ki, Kevin Medinanın komandanın məşqlərində iştirak etməməsi ilə bağlı xəbərlər əsassızdır. İddialara görə, kolumbiyalı müdafiəçi Türkiyənin “Rizespor” klubuna keçəcəyi üçün “atlılar”ın hazırlıq prosesində iştirak etmir. Lakin həqiqət ondan ibarətdir ki, Medina hazırda “Qarabağ”la birgə Cəbəllüttariqdədir və sabahkı oyunu gözləyir. Böyük ehtimalla o, “Linkoln”a qarşı matça start heyətdə başlayacaq.

Medina Türkiyə klubuna keçə bilər, ancaq bu, hələ dəqiqləşməyib və futbolçu “Qarabağ”dakı fəaliyyətinə normal qaydada davam edir.

Matç öncəsi komandanın hücum xətti ilə bağlı bəzi suallar var. Musa Qurbanlı və Ramil Şeydayevin gedişindən sonra irəlidə kimlərin oynayacağı maraq doğurur.

Əldə etdiyimiz məlumata görə, yeni transfer Juninyonun “Linkoln”a qarşı oynayacağı gözlənilmir. O, hazır deyil. Juninyonun nəinki sabahkı matçda, ümumiyyətlə cəbəllüttariqlilərə qarşı cavab görüşündə də meydana çıxması sual altındadır. Bu, oyunun gedişindən, nəticədən də asılı olacaq. Əlbəttə, “Qarabağ” istədiyi nəticəni əldə etsə, bu zaman Juninyo da şans qazanacaq. Lakin o, indiki məqamda əsas variantlardan biri deyil.

Qurban Qurbanovun hücum üçün iki əsas variantı var: Abdullah Zubir – Adama Diakabi – Redon Cica və Abdullah Zubir – Hamidu Keyta – Adama Diakabi. Böyük ehtimalla birinci variant seçiləcək.

Digər mövqelərlə bağlı vəziyyət təxminən aydındır. Qapıda Şahruddin Məhəmmədəliyev olacaq. Müdafiədə Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə və Marko Veşoviç yer alacaqlar. Orta xətdə isə Marko Yankoviç, Julio Romao və Leandro Andrade şans qazanacaqlar.

Tam hazır olmasa da, “Qarabağ” Cəbəllüttariq çempionu ilə dueldə favoritdir. Növbəti mərhələ – potensial “Rakuv” (Polşa) üçün isə bu problemlər yoluna qoyulmalıdır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir