İdman

Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”

Sharing is caring!


“Həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız dünya çempionatının hazırlığına yanvardan başlayıblar. Hazırda son məşqlərini edirlər”.

Bunu APA-ya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O, taekvondo yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Paşayev bildirib ki, hər iki milli komanda mundial üçün son toplanışını keçir:

“Kişilərdən ibarət yığma Şamaxıda toplanışdadır. Onlar bu gün Bakıya qayıdıb, hazırlığı paytaxtda davam etdirəcəklər. Qadın taekvondoçularımız isə federasiyanın inzibati binasında hazırlıq keçirlər. Komandalarımız son hazırlıq dönəmindədir və hər şey yüksək səviyyədədir”.

Vitse-prezident 143 ölkənin qatılacağı mundialda taekvondoçularımızın şansları barədə də danışıb. Onun sözlərinə görə, heyətdə yer alacaq hər bir milli üzvü dünya çempionu olmaq üçün əlindən gələni edəcək:

“Düzdür, mundiala əvvəlcədən proqnoz vermək düzgün olmazdı. Amma komandamızda dünya çempionu olmağa potensial taekvondoçularımız var. Onlardan dünya çempionatında qızıl medal gözləyirik”.

Paşayev bildirib ki, dünya çempionatına bir həftə qalmış bir neçə ölkə ilə birgə hazırlıq da nəzərdə tutulub. Komandalarımızla Özbəkistan və İordaniyanın məşq keçəcəyi dəqiqləşib. Lakin bu say yeddiyə çata bilər. Çünki daha beş komanda da bununla bağlı federasiyaya müraciət edib.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək keçiriləcək dünya çempionatında ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir