İdman

“Formula-1”: Azərbaycan Qran-prisində 3 rekord qeydə alınıb

Sharing is caring!


“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisində 3 rekord qeydə alınıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran-prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb.

Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bakıdakı yarışda indiyə qədər belə göstərici olmayıb.

Son altı illə müqayisədə ilk dəfə Azərbaycana Qran-prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı da rekord həddə çatıb.

Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb. Beləliklə, adıçəkilən tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi sahibini tapıb. Artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.

BŞH-nin mətbuat katibi Turab Teymurov həyəcanın maksimum həddə olacağı yarışda azarkeşləri yerlərini əvvəlcədən tutmağa səsləyib:

“Biletlərin tükəndiyi tribunalarla birlikdə bilet satışının sürətlə davam etməsinə çox sevinirik. Hər kəsə məlumdur ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi gözlənilməzliklərlə dolu bir yarışdır və Bakı yarışının bu xüsusiyyəti bilet satışlarında öz əksini tapır. Bütün F1 azarkeşlərini yenidən Bakıda salamlamağı səbirsizliklə gözləyirik, onları burada daha bir möhtəşəm yarış həftəsi gözləyir. Odur ki, çox gec olmadan biletlərinizi əldə etməyə tələsin!”

Yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər: “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt.

Qeyd edək ki, mövsümün ilk sprint yarışı aprelin 28-30-u tarixlərində keçiriləcək Azərbaycan Qran-prisində baş tutacaq. Eyni zamanda dünya ulduzları DJ Don Diablo və Hardwellin konsertləri nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir