İdman

İki yarışın həqiqəti: Türk düşmənlərinin ermənilər üçün “qəhrəman”a çevrilməsi – ŞƏRH + FOTO

Sharing is caring!


Ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edən ermənilər gerçək sifətlərini gizlədə bilmədilər.

Bu etnos uzun illərdir türk düşmənçiliyi edir. Ancaq bu cür faşist təfəkkürə sahib olan Ermənistan hakimiyyəti və cəmiyyəti qonşu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından, sülhdən danışmaqdan utanmırlar. Onlar türklərə qarşı cinayət törədənləri, soyqırımı edənləri “milli qəhrəman” sayırlar. Qaregin Njde, Andranik Ozanyan erməni gənclərinin ideallarıdır. Bu etnosun yeni nəsli belə “qəhrəmanlar”ın çürük və faşist düşüncələri ilə tərbiyə olunur. Onların davamçıları Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan idi. Onlar Xocalıda əliyalın dinc sakinlərə odlu silahdan atəş açıb, soyqırımı törətməklə qürrələniblər. Bu gün də həmin şəxslər Ermənistan cəmiyyətində aparıcılardan sayılırlar.

Ermənilər fəaliyyəti dünyanın bir çox ölkələrində qadağan olunmuş terrorçu ASALA təşkilatı ilə fəxr edirlər. İki il əvvəl onun üzvlərindən biri Xambik Sasunyan İrəvanda “qəhrəman” kimi qarşılanmışdı. O, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı odlu silahdan atəş açaraq qətlə yetirmişdi. ABŞ-nin ovaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınamışdı. Bu terrorçu 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası tərəfindən əfv edilsə də, ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

2021-ci il noyabrın 13-də, yəni Ermənistan kapitulyasiya aktını imzalayandan bir il üç gün sonra Norayr Mirzoyan adlı erməni Azərbaycan və Rusiya hərbçilərinin üzərinə qumbara atmışdı. Bu, terror aktı idi. Rusiya sülhməramlıları terrorçunu saxlasalar da, sonradan sərbəst buraxmışdılar. Mirzoyanı ermənilər “qəhrəman” olaraq qarşıladılar.

Aprelin 15-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edildi. Bunu edən Aram Nikolyan adlı erməni də “qəhrəman” kimi alqışlandı. Bu azmış kimi, Ermənistanın hakimiyyət orqanları qarşı tərəfdən üzr istəməkdənsə, Azərbaycanı günahlandırmaqla bu vəhşiliyi törədənə haqq qazandırdılar.

Əslində, hadisələrə nəzər salanda Azərbaycan və Türkiyənin ermənilərə qarşı pis davranmadıqları bir daha təsdiqlənir. İrəvanda yarış olan gün Türkiyənin Antalya şəhərində də idman gimnastikası üzrə Avropa çempionatı keçirilirdi. Həmin yarışda Ermənistan idmançısı Artur Davtyan çempion olub. Onun şərəfinə Ermənistanın dövlət bayrağı qaldırılıb, himni səsləndirilib. “Problem olmadı. Bizi çox səmimi və yaxşı qarşıladılar. Bayrağımız qalxdı, himnimiz səsləndirildi”, – idmançı İrəvandan bildirib. Bir neçə gün əvvəl isə Türkiyədə gənclər arasında gimnastika üzrə dünya çempionatı keçirilmişdi. Ermənistanın Hamlet Manukyan və Mamikon Xaçatryan adlı iki vətəndaşı da həmin yarışda iştirak etmişdi.

Ermənistan idmançılarının və siyasətçilərinin Azərbaycanda keçirilən tədbirlərdəki çıxışları da hay-küysüz və qalmaqalsız keçib, bayraqları isə təhqir edilməyib.

Xatırladaq ki, 2015-ci ilin yayında Birinci Avropa Oyunlarında erməniəsilli Gevorq Manukyanın kürsüyə çıxması tamaşaçıların etirazı ilə qarşılanmışdı. Ancaq onda Azərbaycan Prezidenti İlham Əliyev tolerantlıq nümayiş etdirərək erməni idmançını şəxsən mükafatlandırmış, izdihamı bir hərəkəti ilə sakitləşdirmişdi. Bu, o dövr üçün çox mənalı jestlərdən sayıla bilərdi. Çünki onda Azərbaycan torpaqları işğal altında idi. Bu baxımdan Prezident Ermənistana və beynəlxalq ictimaiyyətə bir jestinin kifayət etdiyi ismarışını da verdi. Qeyd edək ki, həmin oyunların açılış mərasimində Ermənistan idmançıları Bakı Olimpiya Stadionundakı paradda dövlət bayrağı ilə birlikdə keçmişdilər. 2015-ci ilin sentyabrında Bakıda şahmat üzrə Dünya Kuboku yarışı olub. Bu yarışa Ermənistanı təmsil edən şahmatçılar da qatılmışdılar. O vaxt bu ölkəni təmsil edən Levon Aronyan oyunlardan əvvəl bildirmişdi: “Mənə Bakı haqqında çox danışıblar. İmkan olsa, turnirin sonuna yaxın şəhərə baxmaq istərdim”. Levon Aronyana Bakını gəzmək üçün şərait yaradılmışdı.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı isə erməniləri və Ermənistanı ifşa etdi, onların “əzabkeş” maskalarını yırtaraq vəhşi simasını göstərdi. Necə deyərlər: bir tərəfdə ermənini səmimi qarşılayan, heç bir sayğısızlıq etməyən türklər, o biri yanda isə bayrağı yandıranı “qəhrəman” kimi alqışlayan ermənilər. İndi özünüz seçin, qiymət verin…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir