İdman

Azərbaycan amputant millisinin üzvü: “Futbol bizim üçün reabilitasiyadır” – FOTO

Sharing is caring!


“Artıq üç ildir, “Qarabağ” klubunun, iki ildir, Azərbaycan amputant futbol millisinin üzvüyəm. Futbol bizim üçün yaxşı motivasiyadır”.

Bunu Oxu.Az saytına açıqlamasında amputant futbolu üzrə Azərbaycan millisinin üzvü Kənan Pirizadə söyləyib. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın dəstəyi ilə böyük uğurlar qazana biləcəklərini deyib:

“ANAMA təşkilatının sədri bildirib ki, komandaya dəstək olacaqlar. ANAMA, AFFA kimi təşkilatlar dəstək olsalar, tez bir zamanda inkişaf edə bilərik və bu, bizi böyük uğurlara aparar. Bu idman növü hələ ki, paralipmiya növlərinə daxil edilməyib. Lakin düşünürəm ki, amputant futbolu da gələcəkdə daxil olacaq və biz orada sözümüzü deməyə hazır olacağıq”.

K.Pirizadə futbolun onlar üçün reabilitasiya olduğunu bildirib:

“Əvvəl paralimpiya idman növü ilə məşğul olmuşam. Sonradan futbola keçmişəm. Məndə amputasiya ümumidir, hərbi ilə bağlı deyil. Futbol mənim üçün ilk növbədə reabilitasiyadır. Bundan başqa, yaxşı motivasiyadır, gələcək hədəflərin sağlam qurulmasına kömək edir. Bunlar şəxsiyyətin formalaşmasında böyük stimuldur. Biz futbol oynamağa öyrəşmişik, adi hal kimi qəbul edirik. Bizə baxan yeni amputasiya olunmuş, minadan zərərçəkmiş adamlar üçün də yaxşı motivasiya ola bilərik”.

Həmsöhbətimiz indiyə qədər etdikləri və gələcək planlar barədə bəhs edib:

“2021-ci ildə “Qarabağ”ın heyətində amputantlar arasında Çempionlar Liqasında iştirak etdik və 4-cü yerə layiq görüldük. Azərbaycanda daha üç komanda var. Gəncə, Tovuz və Qazaxı təmsil edirlər. Ən böyük heyət isə bizdədir. Rəhbər heyətdə dəyişikliklər var. Böyük ehtimalla AFFA-nın tabeliyinə keçəcəyik. Yaxın vaxtda çempionatın təşkil olunacağını gözləyirik. Yəqin ki, ən güclü oyunçulardan ibarət milli komanda təşkil olunacaq. Oktyabrda amputantlar arasında Millətlər Liqası keçiriləcək. Seçmə mərhələdə B qrupundayıq. Oyunlar Niderlandda təşkil olunacaq. Ev sahibləri ilə yanaşı, Albaniya və Şotlandiya da rəqiblərimiz olacaq”.

Pirizadə hazırda çıxış etdikləri “Qarabağ” amputant futbolu komandasının “Qarabağ” Futbol Klubu ilə əlaqəsinin olmadığını söyləsə də, gələcəkdə bunun baş verə biləcəyini qeyd edib:

“Komandanı “Qarabağ”la əlaqələndirmək istəyirik. Bir neçə dəfə böyük məmnuniyyətlə onların tədbirlərində iştirak etmişik. Gələcəkdə “Qarabağ” da istəsə, əməkdaşlıq edib, klubun nəzdinə keçmək olar”.

Xatırladaq ki, dünən AFFA və ANAMA arasında Anlaşma Memorandumu imzalanıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir