İdman

Səfirdən Azərbaycan millisi barədə şok sözlər: “Elə bil, 0:8 uduzan onlar deyildi, həvəslə yeyib-içirdilər”

Sharing is caring!


Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev futbol üzrə milli komandamız barədə xatirəsini bölüşüb.

O, özünün “Facebook” hesabında 2005-ci ildə Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra təyyarədə gördüklərini paylaşıb.

“Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VIP-lojada Polşanın müdafiə naziri Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub: “Bu, futboldur. Hər dəqiqə hər şey dəyişə bilər”, – dedi. Dördüncü qol vurulanda isə: “Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan”, – deyib ürək-dirək verdi. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reysilə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil, 0:8 uduzan onlar deyildilər. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə aldıqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi isə guya özünə haqq qazandırırmış kimi: “Uduzacağımızı bilirdim. Amma daha belə hesabla yox”, – dedi. Uduzmaq əhvali-ruhiyyəsi ilə gələn komanda, təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan… Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir…” – deyə V.Quliyev qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir