İdman

“Qarabağ”ın De Byazini tənqid edən futbolçuları yenə millidən kənar qaldılar

Sharing is caring!


Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə başlayır. Yığma martın 24-də Avstriya, 27-də isə İsveçin qonağı olacaq.

Komandanın baş məşqçisi Canni De Byazinin sözügedən oyunçular üçün heyət seçimi hələ bəlli deyil. Ancaq iki futbolçunun yığmadan kənar qalacağı dəqiqləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın üzvləri – müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Qara Qarayev yenə düşərgədə olmayacaqlar. Hər iki oyunçu milliyə dəvət edilməyib. Son anda hər hansı futbolçu ilə bağlı zədə və ya digər problem yaşanmasa, yaxud italyan çalışdırıcı fikrini dəyişməsə, onları bu dəfə də millidə görməyəcəyik.

Xatırladaq ki, Qara Qarayev açıqlamalarında De Byazinin onu boyunun balaca olduğu üçün oynatmadığını bildirib. Maksim Medvedev isə baş məşqçinin taktikasını tənqid edib. O, mütəxəssisin həftə ərzində məşqlərdə başqa tapşırıqlar verdiyini, oyun günü isə tam fərqli tələblər irəli sürdüyünü bildirib.

Canni De Byazi öz növbəsində millinin qapılarının bütün oyunçulara açıq olduğunu, lakin eyni qaydada bağlana biləcəyini qeyd edib.

Azərbaycan millisinin qarşıdakı oyunlar üçün heyətinin bu gün və ya sabah açıqlanacağı gözlənilir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir