İdman

Azərbaycan millisinin baş məşqçisi: “Yunanıstan son görüşdə xal qazanmağa çalışacaq”

Sharing is caring!

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində martın 3-də Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən əvvəl isə milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və qapıçı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıblar.

Braziliyalı mütəxəssis vaxt azlığına baxmayaraq, futbolçulara istədiklərini aşılamağa çalışdıqlarını söyləyib:

“Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FIFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi beş məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq.

Rəqibimiz Yunanıstanla son iki ildə üç dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri üç oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk.

Fineonun yüngül zədəsi var. Amir Shojae isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdırlar”.

Komandanın qapıçısı Rövşən Hüseynli isə bildirib ki, rəqibin növbəti mərhələ şansının qalmaması onları arxayınlaşdırmayacaq:

“Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunu öncəsi üç xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük”.

Azərbaycan-Yunanıstan görüşü martın 3-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir