İdman

Azarkeşlər üçün olmayan futbol

Sharing is caring!

Hər nə qədər Azərbaycanda tribunalar boş qalsa da, futbol azarkeşlər üçündür. Dünyada klublar bir oyuna bilet satışından milyonlar əldə edirlər. Dünən keçirilən “Qarabağ” – “Neftçi” matçı isə azarkeşlər üçün olmadı.

Ağdam klubu “Gent”lə səfər oyunundan sonra meydana böyük rotasiyalarla çıxmışdı. “Neftçi” isə demək olar ki, ideal “11-lik”lə oynayırdı. Oyunun gedişatı da komandaların heyət nisbətinə uyğun oldu. İlk yarıda üstünlüyü ələ alan “ağ-qaralar” fasiləyə qədər hesabı açdılar. Hətta Laurentsiu Regekampfın komandası fərqi artırmaq imkanına da malik idi. İkinci yarıda əsas heyətin bir neçə üzvünün meydana çıxması ilə “Qarabağ” üstünlüyü ələ aldı. Ardıcıl təhlükəli vəziyyətlər Höccət Haqverdinin topu öz qapısına yollaması ilə nəticələndi. Yekunda hərəyə bir qol vuran komandalar 1 xalla kifayətlənməli oldular.

“Qarabağ” xal itirdiyi turda “Sabah”ın da uduzması ilə liderliyini daha möhkəmləndirdi. “Neftçi” isə şansdan yararlanıb 2-ci pilləyə bir qədər də yaxınlaşmaq imkanını əldən verdi.

Oyunun diqqətçəkən hadisələri arasında “ağ-qaralar”ın yarımmüdafiəçisi Ataa Caberin zədələnib birbaşa xəstəxanaya aparılmasını və Ağdam klubunun qolkiperi Luka Quqeşaşvilinin “Neftçi” azarkeşləri ilə insident yaşamasını qeyd etmək olar. Gürcü qolkiper meydana atılan pirotexniki vasitəni rəqib fanatların açdığı bayrağa tərəf tulladı. “Neftçi”yə qarşı növbəti matçlar, xüsusilə səfər oyununun onun üçün olduqca ağır keçəcəyini indidən təxmin etmək olar. “Ağ-qara”lı fanatlar belə şeyləri çətin unudurlar…

Könül istərdi ki, oyunu “CBC Sport” telekanalının “radioşərhindən” (!) dinləmək məcburiyyətində qalan futbol həvəskarları üçün meydanda baş verənləri daha detallı təsvir edək, taktiki analizlər aparaq və s. Ancaq onlar necə heç nə görmədilərsə, tribunada yer alan azarkeşlər də, jurnalistlər də eyni dərəcədə hadisələrə “fransız” qalmışdılar.

Ötən gün Bakını ağuşuna alan duman Suraxanıdan da yan keçməmişdi. Oyunun gedişi zamanı ara-sıra çəkilsə də, əksərən “göz-gözü görmürdü”. O vəziyyətdə meydanda mübarizə aparan futbolçular da, pulundan keçib bilet alaraq stadiona gedən azarkeşlər də əziyyət çəkirdilər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunun problem yaratdığını, futbolçulara tapşırıq verərkən çətinlik yaşadığını dilə gətirdi.

Əlbəttə, belə məqamlarda yekun qərar hakimin üzərinə düşür. O, görüntünün kifayət etdiyini düşünürsə, bu zaman matç davam edir. Görünür, referi Rəşad Əhmədov hər hansı problem görməyib. OK, ola bilər ki, meydanda görüntü ilə bağlı çətinlik yoxdur.

Amma…

Xüsusən çəkilişi də nəzərə almaq lazımdır. Bu ildən Azərbaycanda da VAR sistemi tətbiq edilir. Meydanda hər hansı mübahisəli məqam yaşanarsa, bu zaman onun köməyinə ehtiyac duyulacaqdı. VAR-da isə heç nə görünməyəcəkdi. Bu da yekunda hansısa tərəfin haqqının yeyilməsi ilə nəticələnə bilərdi.

Hər halda, bir təcrübə oldu. Gələcəkdə bu cür məqamlarda yalnız hakim və futbolçuların meydanda baş verənləri kifayət qədər görməsi əsas götürülməməli, müasir futbolun ayrılmaz tərkib hissəsinə çevrilən VAR sistemi də nəzərə alınmalıdır. Məsələnin emosional tərəflərinə getdikdə isə, onsuz da ölkə çempionatında belə çəkişməli oyunların sayı çox deyil, birini də yanlış qərarvermə səbəbindən azarkeşlər qaçırmış oldular.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir