İdman

Emin Mahmudov: “Qarabağ”a qarşı matçlar həmişə maraqlı olur” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Neftçi” klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov peşəkar karyerasına 2010-cu ildə Rusiya təmsilçisi “Saturn”da başlayıb.

Mosvka “Spartak”ı və Portuqaliyada “Boavişta”nın da formasını geyinmiş yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”nin uğurları üçün çalışır.

2020/2021 mövsümündə ağ-qaralarla Azərbaycan Premyer Liqasının qalibi olan 30 yaşlı futbolçu “Report”un suallarını cavablandırıb.

– Premyer Liqanın son turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiniz. Oyunu necə şərh edərdiniz?

– Matça yaxşı başlamışdıq. İki top fərqi ilə önə keçəndən sonra boşluqlar verməyə başladıq. O anlarda rəqib bizdən daha yaxşı oynadı. Yaxşı ki, qələbə qazandıq.

– Hər üç qolu siz vurdunuz. Karyeranızdakı ilk het-triklə bağlı təəssüratlarınız necədir?

– İlk dəfə het-trikə imza atdığım üçün çox şadam. Bunu bacaran oyunçulardan olduğum üçün sevinirəm.

– Dünya çempionatının davam etdiyi bir vaxtda ölkə çempionatına köklənməklə bağlı problem olur?

– Bu, bizə mane olmur. Hətta deyərdim ki, daha yaxşıdır. Oyundan əvvəl bazada qalanda komanda yoldaşlarımızla futbola baxa bilirik.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?

– Bu komanda ilə oyunlar həmişə maraqlı olur. Ağdamlılarla qarşılaşmaları çox sevirəm. Qələbə qazanmaq üçün bu görüşə maksimum diqqətli çıxmalıyıq.

– Qələbə qazansanız, liderlə xal fərqini minimuma endirə bilərsiniz. Bu amil komandanız üçün əlavə stimul ola bilər?

– Bizim üçün 3 xal hər oyunda, həmçinin “Qarabağ”la matçda da stimul olmalıdır.

– Azərbaycan millisi ardıcıl beşinci qələbəsini qazandı. Sanki komandada artıq qələbə ruhu formalaşıb. Bu amil seçmə mərhələdə milliyə nə dərəcədə kömək edəcək?

– Qələbələr komandaya daha çox güvən verir və biz də yaxşı oyun göstərəcəyimizə, xallar qazanacağımıza inanırıq.

– Futbolçuların De Byaziyə, italiyalı mütəxəssisin isə artıq oyunçulara uyğunlaşdığını söyləmək olar?

– Biz baş məşqçinin istədiyini yerinə yetirməyə çalışırıq. Necə alındığını seçmə mərhələdə birlikdə görəcəyik.

– Dünya çempionatı barədə fikirləriniz maraqlıdır. Mövsümün ortasında və qışda keçirilən mundial necə təsir bağışlayır?

– Mənim üçün fərq etmir. Dünya çempionatı futbolun ən vacib turniridir və həmişə maraqlıdır.

– Hansı komandaya azarkeşlik edirsiniz və ya favoritiniz kimdir?

– Uşaqlıqdan Braziliya yığmasının azarkeşiyəm və onları favorit kimi görürəm.

– Artıq qrup mərhələsində II tur başa çatıb. Hansı yığma sizi daha çox təəccübləndirib?

– Səudiyyə Ərəbistanı yığması bir az təəccübləndirdi. Çox yaxşı futbol oynayırlar, heç kimdən çəkinmirlər. Onların maraqlı taktikaları var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir