İdman

Olmaq, ya da olmamaq, bütün məsələ budur, “Qarabağ”!

Sharing is caring!

Zaur Xudiyev yazır…

Sevinməlimi, yoxsa üzülməlimi?

Konfrans Liqasında davam edirik deyib şükür etməlimi, yoxsa əlimizə düşən fürsəti düz üç dəfə (!!!) geri itələyib, ondan sonra bəxtdən şikayət etməlimi?

Hamletin məşhur monoloqunda dediyi kimi, olmaq, ya da olmamaq, bütün məsələ budur!

Bir gün Mollanın evinə oğru girir, evdə nə varsa, aparıb gedir. Səhər qohum-əqrəba, qonşular yığışırlar, hərə bir irad bildirir.

Biri deyir ki, gərək hasarı hündür edəsən. Belə də hasar olar? Buradan balaca uşaq da aşıb düşə bilər.

O biri deyir, gərək həyətə bir it bağlayasan. Yad adam gələndə hürüb xəbərdarlıq eləsin.

Bir başqası o tərəfdən qayıdır ki, belə də qıfıl olar? Əl vuran kimi açılıb düşür, qapını gərək möhkəm qıfılla bağlayasan…

Belə-belə hərə öz fikrini deyir, hamı bir şəkildə Mollanı günahlandırır.

Axırda qınaqlardan təngə gələn Molla qayıdır ki, ay camaat, ay qohumlar, ay qonşular! Hamınız çox sağ olun, var olun. Məni düşünürsünüz, dərdimə şərik olursunuz. Hərəniz bir dəfə məni günahlandırdınız. Bəs heç biriniz demədiniz axı, bu oğrunun heç günahı yoxdur?

Hə, əsas məsələ budur. Deyək ki, hakim hansısa məqamda haqsızlıq etdi. Təmiz qolunuzu saymadı. Oyunçunuza haqsız qırmızı vərəqə verdi. Hansısa anda bəxtiniz gətirmədi. Necəsə oldu, şanslardan yararlana bilmədiniz. Bəs sizin, yəni “Qarabağ” komandasının heçmi günahı yoxdur?

Axı işləri bu həddə gətirməmək, Avropa Liqasında növbəti mərhələyə çıxmaq məqsədinə daha əvvəldən çatmaq olardı. Bunun üçün üç dəfə imkan var idi.

Birincisi, qrupun IV turunda evdə “Olimpiakos”la oyunda qalib gəlsəydiniz, artıq tapşırıq icra olunacaqdı. Amma səfərdə 3:0 kimi əzici üstünlüklə qələbə qazandığınız yunanlarla evdə qolsuz heç-heçəyə razılaşdınız. Deyək ki, bu, bir qəza idi, oldu, keçdi.

İkincisi, V turda səfərdə “Nant”la oyunda sadəcə bir xal qazanmaqla mərhələ adlamaq işinin öhdəsindən gələcəkdiniz. Bakıda topla “döydüyünüz” həmin Fransa klubundan danışırıq. Amma bu dəfə də həm fərdi səhvlər, həm ələ düşən imkanlardan yararlana bilməmək və son dəqiqədə rəqibin təzyiqinə dözməyərək məğlub olmaqla bu şansı da əlinizin tərsi ilə itələdiniz. Hər şeyi saxladınız son tura.

Son turda isə evdə, doğma azarkeşlər önündə artıq ona lazım olanı əldə etmiş, heç bir xüsusi iddiası, hədəfi olmayan komandaya qalib gələ bilmədiniz. Halbuki, bu oyunda qələbə qazanılsa, Yunanıstandakı “Olimpiakos”-“Nant” matçının heç bir önəmi qalmayacaqdı. Amma olmadı. Bu və ya digər səbəbdən bu oyundan da boynubükük ayrıldınız və mübarizəni Konfrans Liqasında davam etdirməli oldunuz.

İndi yenə qayıdırıq başdakı suala. Konfrans Liqasının pley-offunda oynayacağınız üçün sevinməlimi, yoxsa üzülməlimi?

Oyundan sonra “Qarabağ”ın braziliyalı futbolçusu Kadinin açıqlamalarında maraqlı bir nüans diqqətimi çəkdi. Yarımmüdafiəçi deyir ki, bu kimi oyunlarda nəticəni detallar müəyyənləşdirir. Qismən razılaşıram Kadi ilə. Detallar önəmlidir, amma təkcə oyunda yox, oyundan kənarda da.

Məsələn, bir detala diqqət çəkək. Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözələ sual verilir ki, komandanın Konfrans Liqasında uğurlu çıxışı üçün qışda heyəti gücləndirməyi düşünürsünüzmü? Tahir bəy isə bunun cavabında deyir ki, xeyr, düşünmürük, çünki hələ pəncərə (transfer pəncərəsini nəzərdə tutur – müəllif) açılmayıb. Sualı verən kifayət qədər təcrübəli, illərini idman jurnalistikasına vermiş həmkarımızdır. O çox gözəl bilir transfer pəncərəsi nə zaman açılır, oyunçu keçidləri nə vaxt olur. Görünür, klub prezidenti uzun zamandır azarkeşlər də daxil olmaqla hər kəsi narahat edən sualdan yayınmaq üçün başqa söz tapa bilməyib.

Və yaxud da Qurban Qurbanovun açıqlamalarındakı sətir aralarına diqqət yetirək. İllərdir təmkinlə, səbirlə komandaya rəhbərlik edən, belə demək mümkündürsə, yoxdan komanda yaradan, Azərbaycandakı futbol mühitinə rəğmən, iddialı, güclü, Avropa klubları ilə belə, başabaş mübarizə apara bilən kollektiv formalaşdırmış Qurbanov, bəlkə də, ilk dəfə oyunsonrası açıqlamalarında günahı kimdəsə axtarır. Hakimlikdən şikayət edir, VAR-ın müdaxiləsindən narazılığını bildirir.

Bunlar hamısı kənardan adi vəziyyətlər kimi görünsə də, üst-üstə toplayanda komandanın niyə Avropa Liqasında deyil, Konfrans Liqasında oynamasını izah edən önəmli detala çevrilir.

Kadinin də dediyi kimi, bu kimi oyunlarda nəticəni detallar müəyyənləşdirir.

Olmaq, ya da olmamaq. Siz olmamağı seçdiniz – Avropa Liqasında.

Olduğunuz yerdə uğurlar, “Qarabağ”!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir