İdman

FIFA referisi: “Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur” – VİDEO

Sharing is caring!

“Həmin epizodda qırmızı vərəqə verilməli idi”.

Bunu “Report”a açıqlamasında FIFA referisi, hazırda oyunları idarə etməyən Rəhim Həsənov “Qarabağ”ın futbolçusu Filip Ozobiçin Premyer Liqanın X turunda “Sumqayıt”la matçın 15-ci dəqiqədə Almir Aqanspahiça qarşı etdiyi qayda pozuntusu ilə bağlı danışarkən deyib.

39 yaşlı ədalət təmsilçisi bunun ciddi qayda pozuntusu olduğunu və yarımmüdafiəçinin rəqibin sağlamlığına məhəl qoymadığını bildirib.

Həsənov belə məqamlarda video köməkçi hakimin (VAR) dialoq yaratdığını xatırladıb: “Amma baş hakim qırmızı vərəqə üçün əsas olmadığını söyləyirsə, VAR-dakı həmkarı artıq müdaxilə edə bilmir. Bir sözlə, son qərarı əsas referi verir. Bəlkə də hakim ayağın tam açıq olmadığını və zərbə anında bir balaca yığıldığını düşünüb. Amma görünən odur ki, “Qarabağ”ın oyunçusu topa yox, rəqibin istiqamətində sürətlə tullanaraq onun baldır nahiyəsinə, qorunmayan hissəsinə şiplərlə (idman ayaqqabısının altındakı dişlər – red.) vurur. Bu, o halda sarı vərəqə olardı ki, futbolçu ilk olaraq topa sonra rəqibə toxunardı”.

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib. VAR hakimi isə Rəvan Həmzəzadə olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir