İdman

Joze Alesio: “Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq”

Sharing is caring!

“Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik. Bu, futzal üçün çox azdır. Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirik”.

Bunu “Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, səhvləri görmək üçün daha çox oyun keçirmək lazımdır:

“Amma biz hazırlıq prosesində hələlik cəmi bir oyuna çıxmışıq. Heyətimizdə olan oyunçuların hamısına şans verməyə çalışırıq. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar az da olsa, oynamaq şansı qazanırlar. Üç futzalçımız isə zədəlidir”.

O, UEFA Çempionlar Liqasının startınadək çempionat və yoldaşlıq oyunları ilə bu boşluğu doldurmalı olduqlarını söyləyib:

“Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar. Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik”.

Qeyd edək ki, “Araz Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə D qrupunda mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir