Gündəm

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.

Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Vüqar Səfərlinin işinin araşdırılması nəticəsində onunla əlbir olanlardan kimin hansı formada iştirak etdiyi, rolunun nədən ibarət olduğu bilinəcək:

“Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz kimisə ittiham edə bilmərik. Əgər kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.

Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmasına şübhələr var. Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.

Ə.Nuriyev qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.

Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir