Gündəm

Oğlunu ölümdən qurtaran şəhidin ürək dağlayan FOTOLARI – VİDEO

“Oğlum övladlarını, ailəsini yox, Vətənini, torpağını seçdi”.

Vətən müharibəsində iştirak edən minlərlə oğul anasının dediyi eyni sözlər… Bəli, onlar hər şeyi geridə buraxıb “Ya Qarabağ, ya ölüm!” dedilər. Abbas Rza oğlu Qasımov kimi… O Abbas ki, 34 illik həyatının 15 ilini hərbə həsr etdi.

1986-cı il martın 17-də Qərbi Azərbaycanda dünyaya gəlsə də, tam iki ildən sonra – 1988-ci ildə valideynləri ilə birlikdə dədə-baba yurdundan didərgin salındı. Uşaqlıq illərini Bakıda keçirən Abbas kiçik yaşlarında atasını da ağır yol qəzasında itirməklə daha bir həsrətin acısını kövrək qəlbinə sığışdırmalı oldu.

Bakıdakı 157 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra öz istəyilə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX – red) Heydər Əliyev adına Akademiyasına daxil oldu. Akademiyanı bitirdikdən sonra Sərhəd Qoşunları fakültəsini seçdi və bir neçə rayon ərazisində yerləşən hərbi hissələrdə işlədikdən sonra pilot kimi təyinat aldı. Beləcə Abbas Qasımov artıq Vətən səmasında bir şahinə döndü.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qədər mayor Qasımov nümunəvi hərbi xidmətinə görə dəfələrlə rəhbəlik tərəfindən bir sıra fəxri fərman və medallarla təltif edildi. İndi anası Kifayət xanımın oğlundan qalan ən qiymətli əşyalardır o mükafatlar. Qəhrəman övladının yoxluğuna nə qədər acısa da, uzun illik hərbi fəaliyyəti dövründə aldığı təltiflər, çəkdirdiyi fotolar, şərəfli döyüş yolu ən böyük təsəllisidir onun. İllərdir təkbaşına böyütdüyü oğlu haqqında ən təsirli sözü isə budur ananın: “Mən bala itirmədim, dost, sirdaş itirdim”. İndi cəsur və sadiq dostunun iki oğul övladına baxıb qürurlanmaqla da rahatlıq duyur Kifayət ana. Gözünün önündə hər gün qətrə-qətrə böyüyən nəvələrini də Abbas kimi ləyaqətli, mərd, şir ürəkli bir vətəndaş kimi yetişdirir.

Şəhid mayorun həyat yoldaşı Siddiqə xanım da Abbası sonsuz qürur və sevgi hissilə xatırlayır. Onun əsl hərbçilərə xas ciddi, təmkinli, mübariz ruhlu bir insan olduğunu bildirir. Siddiqə xanım həyat yoldaşı ilə bağlı keçmiş zamanda danışmağın çox çətin olduğunu deyir. Birlikdə qayğısız, fərəh dolu, şən günlər keçirdiklərini xatırlayır. Abbasın hərbidəki fəaliyyətindən çox az məlumatlı olduğunu deyən Siddiqə xanım qeyd edir ki, indi daha çox onunla bağlı xatirələrlə ovunur. O xatirələr ki, bir ömür boyunca onu tərk etməyəcək. Bu xatirələrdən ən təsirlisini isə o, belə yada salır: “Düzdür, Abbas haqqında indi danışacağım xoş xatirə sayıla bilməz. Amma o hadisə hər dəfə yadıma düşdükcə ürəyimi üzür. Onun atalıq hissini vurğulamaq üçün danışıram bunu (bir qədər fikrə gedir).

…Bu ilin əvvəlində yanvar ayının  4-də kiçik oglumuzun qızdırması qalxmışdı və uşaq aniyən sudurğa keçirdi. Axşam çağı idi. Həmin vaxt Abbas evdən çıxmağa hazırlaşırdı, gedəsi yeri var idi. Mən uşağın sudurğa keçirdiyini görəndə onun üstünə atıldım və “Abbas” deyib qışqırdım. Abbas dərhal otağa gəldi və uşağı o vəziyyətdə görəndə əlini ağzına salıb dilini tutmağa çalışdı. Həmin an mən özümü elə itirmişdim ki, heç ağlıma da gəlmirdi ki, uşağın dilini tutam, ya da nəsə edəm. Amma şükür ki, həmin vaxt Abbas evdə idi və özünü itirmədən, çətinliklə də olsa əlini uşağın ağzına salıb dilini tuta bildi. Sonra uşaq nisbətən özünə gəldi və həkim çağırıb onu xəstəxanaya apardı. Hadisədən sonra Abbasın əllərini görəndə dəhşətə gəldim. O, xəstəxanadan barmaqlarının vəziyyətini çəkib mənə göndərmişdi. Barmaqları yaralanmış, qanamışdı. Hətta uşağın da paltarı qan olmuşdu. Usağın dilini tutmaq istəyəndə Abbasin sifətində həm qorxu, həm həyəcan, həm də soyuqqanlılıq var idi. Həmin vaxt mən həm də şükür etdim ki, yaxşı ki, hadisə Abbas evdən çıxmadan baş verdi. Çünki əgər 5 dəqiqə sonra olsaydı, bəlkə də uşaq boğular və daha pis hadisə baş verərdi. İndi təsəvvür edin ki, Abbasın zədəli əllərinin şəklini hələ də telefonumda saxlayıram, silməyə əlim gəlmir”…

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Doğrudan da onlarla bağlı hər bir xatirə hamımız üçün çox əzizdir. Və illər keçsə də, xalqımız bütün qəhrəman oğullarının xatirələrini qəlbində əbədi olaraq yaşadacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir