Dünya

İsrail beynəlxalq axına qarşı: İran əleyhinə müharibəyə üstünlük verilir – ŞƏRH

Sharing is caring!

Tehran-Vaşinqton xəttində gərilib qırılma həddinə çatan iplər yumşalmağa doğru gedir, artıq İranın nüvə proqramı ilə bağlı razılaşmanın ayaq səsləri eşidilməkdədir.

Verilən açıqlamaları, çıxan informasiyaları analiz edib xülasəsini təqdim etsək, bu fikir güclənir ki, əldə olunacaq razılaşma mətninin qaralama variantı hazırdır.

Bunu Qərb və İran üçün müsbət, İsrail üçün neqativ çalarlı geri sayımın başlanması anı kimi qiymətləndirmək lazımdır.

İsrail İranın nüvə ambisiyalarının diplomatik yolla cilovlanmasının əleyhinə çıxaraq İslam Respublikasını siyasi tənzimləmə mexanizmlərindən kənar alətlərlə zərərsizləşdirməyi üstün tutur.

İsrailin barıt qoxulu arqumentinin kontenti:

– İranla ABŞ barışsalar, bu, İslam Respublikasının nüvə silahı əldə etmək üçün materiallara lisenziya verməkdir;

– Razılaşmadan sonra ABŞ İranın banklarda dondurulmuş milyardlarla dollarını İslam Respublikasına verəcək ki, bu da Tehranın regionda yaratdığı təhlükəni artıracaq.

Qısası, İsrail baş tuta biləcək razılaşmanı İran maraqlarının xidmətçisi və Tehranın ambisiyalarının böyüməsinə şərait yaradan stimul kimi qəbul edir.

İsrail buna görə ABŞ-a tez-tez nümayəndələr göndərib Ağ Evi “qara günlər” barədə xəbərdar edərək onu inandırmağa çalışır.

İsrail İrana açılan qucağı özü üçün təhdid hesab edir və Tehranın nüvə silahlanması yarışının iştirakçısına çevriləcəyinə əmindir.

İsrail İrana qarşı hərbi əməliyyatlar planı ilə rəqibini neytrallaşdırmaq ideyasını daha məqbul hesab edir, hərçənd ki, belə bir müharibəyə beynəlxalq hazırlıq aşağı səviyyədədir.

Beynəlxalq immunitetin zəif olması o anlama gəlmir ki, Qərb İrana əlahiddə sevgi hissi bəsləyir, sadəcə, müharibə risklərinin beynəlxalq nizama gətirəcəyi strateji zərərləri hesablayır.

Bu mənada nüvə sazişinin bağlanması hələ İranı təhdid və müharibə riskindən sığortalamayacaq.

İsrailin müharibə və ya hər hansı formada hərbi əməliyyatlara başlamaq tələskənliyi emosionallıqdır, hərçənd ki, Təl-Əvivin emosionallığını döyüş əməliyyatları gedişatında müstəsna soyuqqanlılıq əvəzləyə bilər.

İsrail hökumətinin daxilində sərt xətt tərəfdarları ilə yanaşı, nisbətən liberal tətbiqləri optimal sayanlar da mövcuddur və İran-ABŞ sövdələşməsi onlar arasında fikir ayrılıqlarını şiddətləndirir.

Amma radikal tədbirlərin lehinə olanların fikri İsrailin İran əleyhinə fəaliyyətinə daha çox uyğundur. Onlar strateji fəlakətin qarşısını almaq üçün İslam Respublikasının təhlükəsizliyini hərbi zərbələrlə laxlatmağa bel bağlayırlar.

İsrailin qarşısında maneə yaradan digər iki ölkə isə nüvə danışıqlarının digər iştirakçıları olan Rusiya və Çindir, hərçənd ki, onların da İranı nə zamansa ayağa verəcəyi ehtimalı yox dərəcəsində deyil.

İsrail İrana qarşı hərbi ssenariləri hazırlayıb, onun sxemini gizli seyflərdə saxlayır, onun tətbiqi hələ real görünmür.

Buna görə də İsrail ənənəvi hibrid müharibə vasitələri (kibermüdaxilələr, kəşfiyyat planları) ilə İran infrastrukturunu çökdürməyə “davam” deyəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir