Dünya

MOSSAD direktorunun CIA-yə verəcəyi qovluqda nələr gizlənir? – ŞƏRH

Sharing is caring!

İsrailin ali kəşfiyyat orqanı olan MOSSAD-ın direktoru Devid Barnea gələn həftə ABŞ-a gedir. İrana məxsusi düşmənçilik heysiyyətilə yanaşan Barnea ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə sıx əməkdaşlıq edən fiqurdur, o, Vaşinqtonla Tehran arasında əldə oluna biləcək nüvə razılaşmasının qarşısına sədd çəkməkdən ötrü böyük canfəşanlıq göstərir.

İsrailin nöqteyi-nəzərincə, Vaşinqtonla İslam Respublikası arasında İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılaşma əks-effekt verəcək, yəni bundan sonra Tehran regional təhlükəsizliyə təhdid səviyyəsini qaldıracaq və nüvə silahına yiyələnəcək.

Buna görə də İsrail hökuməti davamlı olaraq Co Bayden administrasiyasının “Tehran addımları”nı İranı xilas etmək səyləri kimi dəyərləndirir və buna etiraz edir.

Yaxın Şərqdə siyasi hərisliyin yeniləndiyi və Suriya, İraq uğrunda yarışın qızğın vaxtında İsraillə İranın düşmən münasibətə “davam” deməsi normaldır, bura nüvə qorxusu da əlavə ediləndə atmosfer daha da gərginləşir.

İsrail indi İranla razılaşmaya getməmək üçün ABŞ-ı inandırmaq qabiliyyətini ortaya qoymalıdır, lakin bu, şifahi tezislərlə mümkünsüz kimi görünür.

Bu baxımdan hesablamaq çətin deyil ki, MOSSAD direktoru İran barədə toplanan yeni kəşfiyyat məlumatları ilə Vaşinqtona yollanır.

İsrailin kəşfiyyat hesabatlarında, yəqin ki, İranın nüvə proqramını həyata keçirdiyi müəssisələrə dair yenilənmiş müfəssəl məlumatlar öz əksini tapır və etiraf etmək lazımdır ki, Təl-Əviv Vaşinqtonu Tehranla sövdələşmədən yayındıra biləcək manipulyativ informasiya alətlərinə də malikdir.

Amma MKİ də ağılsız deyil və nəyin ağ, nəyin qara olduğunu ayırd etmək üçün özünəməxsus bacarığa sahibdir, buna görə də Devid Barneanı çətin sınaq gözləyir.

İsrail kimi güclü kəşfiyyatı olan ölkədə İranın nüvə proqramından kənar digər fəaliyyətinin bütün istiqamətləri ilə bağlı gözoxşayan məlumatlar da Barneanın qovluğunda olacaq.

Həmin portfelə əlimiz girməsə də, oradakı sənədlərin ümumi təsvirini canlandırmaq üçün son bir ildə İranın xaricdəki kəşfiyyat fəaliyyəti barədəki informasiyalara baxmaq lazımdır.

İran bir ildən çoxdur ki, israilli iş adamlarını, mütəxəssisləri, keçmiş məmurları öldürmək planlarını cızır, lakin İsrailin çətiri altında birləşmiş kəşfiyyat gücü Tehranı ifşa edir.

Son bir ayda isə İranın ABŞ-dan olan siyasətçilərin ölüm fərmanını verdiyi aydın oldu və İslam Respublikasının qurduğu sxem üzə çıxarıldı.

Devid Barnea İsrailin kəşfiyyat oqanlarına yeni məlum olan bəzi məlumatları da ABŞ-a təqdim edəcək ki, bu barədə Vaşinqtonun özündə belə qıt informasiyalar mövcuddur.

Barnea İranın nüvə proqramının təhlükəlilik dərəcəsini Tehranın sui-qəsd planları ilə səsləşdirən ətraflı bir hesabatı MKİ-yə verəcək və ABŞ bunu incələyərək tükü-tükdən ayırmağa çalışacaq.

Çünki ABŞ-la İranı bir-birinə yaxınlaşmağa sövq edən qarşılıqlı ehtiyaclar gündəmdə aktuallıq təşkil edir və tərəflər yanlış təəssüratlarla yola çıxmaq istəmirlər.

Birincisi, İran ABŞ üçün böyük bazardır, Rusiya-Ukrayna müharibəsinin enerji bazarına yaratdığı təhdidlərdən dolayı Vaşinqton İran resurslarını Avropa bazarlarında alternativ kimi nəzərdən keçirir.

İkincisi, İran beynəlxalq sanksiyalardan yorğun düşüb, ölkədə tüğyan edən iqtisadi-sosial böhrandan çıxış yolu ABŞ-la dil tapmaqdan asılı vəziyyətdədir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir