Dünya

Andrey Ojarovski: “Ermənistandakı Metsamor AES köhnə parovozdur” – nüvə fizikindən şərh

Sharing is caring!

Avropada ən böyük sayılan Zaporojye atom elektrik stansiyası ilə bağlı Ukraynadan narahatedici xəbərlər gəlməkdə davam edir. Dünən, avqustun 26-da radioaktiv tullantıların anbarına mərmi düşməsi barədə məlumatlar yayıldı, ancaq xoşbəxtlikdən, AES-də radiasiya fonu normal qaldı. Qəza halında Dnepr çayı, Qara dəniz zərər çəkəcək. Bəs Cənubi Qafqaz üçün təhlükə olacaqmı?

Rusiya Sosial və Ekoloji Birliyinin “Radioaktiv Tullantıların Təhlükəsizliyi” proqramının eksperti və nüvə fiziki Andrey Ojarovski bu və başqa məsələləri Oxu.Az-a şərh edib.

Onun sözlərinə görə, hər şey “külək gülü”ndən asılıdır.

“Qara dənizə, təbii ki, əhəmiyyətli dərəcədə təsir edə bilər. Aralıq dənizinə qədər çata bilər, Türkiyə ciddi zərər çəkə bilər. Amma çətin ki, Xəzərə nəsə ciddi bir şey olsun; Qafqaz dağ silsiləsi və məsafə buna mane olacaq, bu sizi qorumalıdır. Ancaq seziumun bəzi dozaları torpağa düşə bilər. Hamısı atmosfer şəraitindən asılıdır”, – deyə ekspert bildirib.

O, Cənubi Qafqazda fəaliyyət göstərən və reaktorları Zaporojye AES-dən daha köhnə olan Ermənistanın Metsamor atom elektrik stansiyasının qonşu ölkələr üçün təhlükəsizliyi məsələsinə də toxunub.

Nüvə fiziki bunların “su-su” tipli reaktorlar olduğunu qeyd edib.

“Bu, sovet dizaynıdır, hamısı VVER adlanır. Stansiyaların təhlükəsini müqayisə etmək çətindir, Metsamor ətrafında heç kim atəş açmır. Zaporojye AES-də isə görünməmiş kompleks təhlükələr var. Buna baxmayaraq, Metsamor AES başqa atom elektrik stansiyaları kimi təhlükəlidir”, – deyə mütəxəssis bildirib.

Ojarovski Ermənistanda atom elektrik stansiyasının ötən əsrin 70-ci illərinin əvvəllərində tikildiyini xatırladıb:

“Ermənistan AES-in reaktoru bir qədər kiçikdir və heç bir qılafı yoxdur, bu, VVER-440-dır. Əslində, köhnədir. Bəli, AES 1988-ci ildə Spitak zəlzələsinə tab gətirdi, bu o deməkdir ki, yaxşı mühəndis həlləri var idi, amma yenə də bu zavod köhnə parovoz kimidir”.

O, yeri gəlmişkən, tamamilə fərqli tipli – qrafit RBMK reaktorlarına (yüksək güclü kanal tipli reaktor) malik Çernobıl AES-dəki qəzaya da toxunub.

“Bu stansiyaları qəza zamanı ətraf mühitə atılan radionuklidlərin miqdarı ilə müqayisə etmək olar. Reaktorların növü fərqlidir, lakin qəzanın nəticələri oxşardır”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Ekspert ümumiyyətlə AES-lərin “yaşıl enerji” olmadığını vurğulayıb. Onun sözlərinə görə, hələ də radioaktiv tullantılarla nə etməli olduğu məsələsi həll olunmayıb.

“Dünyada nüvə enerjisinin azaldılması tendensiyası var, baxmayaraq ki, bəzi ölkələr hələ də  AES tikirlər. Hər halda, nüvə elektrik enerjisinin payının azalması faktdır”, – deyə o bildirib.

Alim Ermənistana gəldikdə bu ölkə üçün nüvəsiz ssenarinin mümkün olduğunu qeyd edib.

“Regionunuzda tam sülh olmalıdır, hansı ki, Günəş və külək boldur, bu isə ucuz elektrik enerjisi ilə təmin edir”, – deyə Ojarovski sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir