Dünya

Avropalı deputatlar: “Xocalı və digər yerlərdə törədilən cinayətlərə hüquqi qiymət verilməlidir”

Sharing is caring!


Xocalı soyqırımının 32-ci ildönümü, faciənin başvermə səbəbləri dünya ictimaiyyətinin diqqətindədir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi dünya üzrə “Xocalıya ədalət!” kampaniyası bu soyqırımını beynəlxalq arenada daha da aktuallaşdırıb.

Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Kamelçuk “Report”un Şərqi Avropa bürosuna bildirib ki, vaxtında dünyanın Xocalı kimi soyqırımlarına hüquqi qiymət verməməsi bu gün onun vətəni Ukraynada yeni insani cinayətlərə yol açıb:

“32 il əvvəl keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni silahlıları Azərbaycanın Xocalı şəhərində dəhşətli soyqırımı törədiblər. Təəssüf ki, cinayətkarlar hələ də məsuliyyətə cəlb olunmayıblar. Bundan sonra onların havadarları çox yerdə belə cinayətlər həyata keçirdilər. Rusiya 2014-cü ildə Ukraynaya müdaxilə edib, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə başlayıb. Bütün bunlar dünyanın susqunluğunun nəticələridir və ən böyük səhvlərdəndir. Dünya susmamalıdır, Xocalı və digər yerlərdə törədilən cinayətlərə hüquqi qiymət verilməlidir. Dünya təhlükəsizlik yanaşmalarını və insan hüquqlarının real müdafiəsini nəzərdən keçirmək, dövlət suverenliyinə hörmət etmək və sülhü təmin etmək barədə düşünməlidir”.

Moldova parlamentinin deputatı Vitali Jakot isə “Report”un Şərqi Avropa bürosuna açıqlamasında xalqı adından 32 il əvvəl baş vermiş hadisələrlə bağlı Azərbaycan hökumətinə və xalqına dəstəyini ifadə edib:

“1992-ci ildə Azərbaycanın Qarabağ regionunda kiçik bir şəhər olan Xocalıda mülki əhali tarixin ən amansız faciələrindən birinin qurbanı olub. Bunu erməni silahlılar keçmiş sovet alayının dəstəyi ilə törədiblər. Müdafiəsiz vətəndaşlar, o cümlədən qadınlar, uşaqlar və qocalar insanlığa sığmayan qətliamlara məruz qaldılar. Bu amansızlıq qurbanlara nəinki saysız-hesabsız iztirablar gətirdi, həm də bütün bəşəriyyətin qəlbində əbədi yara izləri buraxdı”.

Deputat bildirib ki, bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verməklə yanaşı, bu vəhşi zorakılığın nəticələrindən hələ də əziyyət çəkənlərə dəstək olmağa çağırış edir.

“Biz həyatını itirənləri geri qaytara bilmərik, amma deyə bilərik ki, sizi unutmuruq. Sağ qalanlara isə ədalət axtarışlarında dəstək olmağa hazırıq. Xocalıda günahsız qanların tökülməsi bizə daha dinc və humanist gələcək yaratmaq üçün keçmişdən dərs almağın vacibliyini xatırladır. Bu faciə zorakılığa, münaqişələrə son qoymaq istəyimizin və hər bir insanın qorunduğu bir cəmiyyət qurmaq öhdəliyimizin təməl daşı olmalıdır”, – deputat vurğulayıb.

O bildirib ki, indiki və gələcək nəsillər təkcə həyatını itirənləri xatırlamaq və onları ehtiramla yad etmək üçün deyil, həm də bu faciənin ibrət dərslərinin gələcək nəsillərə xəbərdarlıq olması üçün Xocalı soyqırımı haqqında öyrənməlidirlər:

“Bu cür dəhşətli hadisələrin bir daha baş verməməsi üçün əlimizdən gələni etməliyik. Bu isə bütün formalarda zorakılığın pislənməsi və münaqişələrin sülh yolu ilə həlli yollarının tapılması öhdəliyindən başlayır. Xocalı qurbanlarının xatirəsi hər zaman qəlbinizdə olsun, ruhları şad olsun”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir