Dünya

Meksika KİV: “Budəfəki prezident seçkisi Azərbaycanın bütün ərazisini əhatə edib”

Sharing is caring!


Meksikanın “Contra Replica” qəzetində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş tanınmış siyasi şərhçi Federiko Lamontun müəllifliyi ilə “Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” (“Triunfó la democracia porque Karabaj es Azerbaiyan”) başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müəllif məqalədə ilk öncə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşan prezident seçkisindən bəhs edərək bu dəfəki seçkinin Azərbaycanın bütün suveren ərazisini əhatə etdiyini bildirib.

Daha sonra F.Lamont ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla müsahibəsindən söz açıb. Məqalədə nazir müavini E.Məmmədova istinadən işğaldan azad edilən ərazilərimizdəki mövcud mina problemi məsələsinə toxunularaq, Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən olduğu bildirilib. Bu xüsusda, mina qurbanlarının sayının hər ötən gün daha da artdığı təəssüflə qeyd olunaraq sözügedən ərazilərin təmizlənməsi üçün mina xəritələrinin təqdim edilməsinin vacibliyi vurğulanıb. Habelə, 2020-ci ildən sonra minaların yerləşdirilməsi prosesini davam etdirən Ermənistanın bu məkrli siyasətinin azərbaycanlılara qarşı onilliklərlə davam edən etnik təmizləmə kampaniyasının davamı olduğu diqqətə çatdırılıb.

Məqalədə həmçinin sözügedən müsahibəyə istinadən Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs olunub. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğal dövrünün başa çatdığı, ölkəmizin doğma torpaqlarını işğaldan azad etdiyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, habelə münaqişənin arxada qalması üçün bü gün sülh sazişinin imzalanması istiqamətində əməli addımların atıldığı bildirilib.

Daha sonra məqaləsində ölkəmizin ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərinə səfəri zamanı şəhər sakini ilə müsahibəsindən söz açan müəllif Vətən müharibəsi zamanı Ermənistanın mülki şəxslərə, infrastruktura qarşı həyata keçirdiyi raket hücumlarının nəticəsində onlarla dinc sakinin, o cümlədən altı aylıq körpənin şəhid olduğunu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir