Dünya

Tramp NATO-nu “dağıdır”: Bəs Azərbaycan nə edir? – TƏHLİL

Sharing is caring!


ABŞ-də Respublikaçılar Partiyasının prezidentliyə öncül namizədi Donald Trampın NATO ilə bağlı açıqlamaları beynəlxalq təhlükəsizlik boşluqlarında əks-səda verir.

Trampın dediklərini sadələşdirsək, belə təsvir edə bilərik: Əgər hər hansı NATO üzvü Alyansın tələblərindən irəli gələn ödənişləri etməsə, ABŞ Rusiyanı həmin ölkələrə qarşı həvəsləndirəcək.

Hərçənd ki, NATO rüsumlara əsaslanan ittifaq deyil, o, tarixin ən böyük hərbi blokudur və SSRİ-yə qarşı alternativ alyans kimi yaradılıb.

Alyansın Nizamnaməsinin 5-ci bəndində təsbit edilmiş prinsipə əsasən, bir üzvə hücum hamıya hücumdur və kollektiv müdafiə ilə ona cavab verilməlidir.

Trampın bunu bilib-bilməməsi o qədər önəmli deyil, hərçənd, məlumdur ki, o, NATO-nun saxlanılması üçün əsas xərcləri ABŞ-nin üzərindən götürməyə çalışır.

Tramp üçün vacib olan NATO sisteminə qarşı bəhanələr tapıb ABŞ-nin qlobal hegemonluğunu “parçalanmış ittifaqdan sonrakı dövr” formasında inkişaf etdirmək ola bilər.

Hər halda, Trampın dedikləri seçkiqabağı səs-küy deyil. Trampın əvvəlki prezidentliyi dövrünə istinad edərək onun dediklərinin gələcək real ölçülər haqqında bəyanat olduğunu görmək mümkündür.

Yəni Tramp faktiki olaraq xarici siyasətinin ifadəsində NATO əsaslı status-kvonu rədd etmək üçün hazırlıq ritorikasını nümayiş etdirir.

Bu o mənaya gəlir ki, Tramp prezident seçiləcəyi təqdirdə NATO sistemindəki vakuum ABŞ-nin öndərliyi altında doldurulacaq və Vaşinqton öz ağır nəfəsini Avropa üzərində hiss etdirəcək.

Görünür ki, Tramp özünün mümkün liderliyində NATO-nu dağıtmaqdan çox, onu formatlamağa köklənən mövqelərini gücləndirə bilər.

Ancaq indi üçün faktiki vəziyyət budur ki, Trampın mövqeyinin real dünyaya praktiki təsirləri hələ tam aydın deyil.

Bununla belə, Avropadakı təhlükəsizliyin möhkəmliyi Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Kiyevin aktivinə dəyişməsindən asılıdır.

Tramp buna da cavab tapır, o, Ukraynaya yardımların kəsilməsindən danışır ki, onun da NATO üçün problematik ölçüsü böyükdür. Çünki Ukrayna parçalansa, bu, NATO-nun genişlənmə siyasətinin fiaskosu olacaq və Alyansın təhlükəsizlik və hüquqi arxitekturasında çatlar yaranacaq.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda daha geniş geosiyasi dəyişikliyi əks etdirdiyindən dövlətlər müdafiə immunitetlərini gücləndirirlər.

Azərbaycanın regional geosiyasi əlverişli mövqelərdə olması onun qeyd olunan istiqamətdəki addımlarını möhkəmləndirir.

Buraya NATO-nun gələcəyinə dair şok və məyusedici proqnozları da əlavə edəndə Bakının yeni düzənə uyğun hərəkətlərini seçəcəyi şübhəsizdir.

Çünki Azərbaycan NATO üzvü olmasa da, Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsini həyata keçirir. Lakin NATO-nun üzləşə biləcəyi problemlərin təhlükəli xarakteri bütün regionlara təsir edə bilər ki, Azərbaycan bunu özünə münasibətdə neytrallaşdırmaq istəyir.

Azərbaycan və strateji müttəfiqi Türkiyə Türk Dövlətləri Təşkilatını didilən dünya siyasi nizamı fonunda ən üst səviyyəli müdafiə blokuna çevirməkdə maraqlı tərəf kimi görünürlər.

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində TDT-nin gücləndirilməsi, qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi prioritetlərindən danışdı.

Bu, NATO-nun ABŞ-də köhnəlmiş qvardiya kimi qiymətləndirilməsinin yeni erada yarada biləcəyi təhlükələrə qarşı uzunmüddətli tendensiyanı əhatə edəcək effektiv platforma kimi dəyər qazanacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir