Dünya

İsveçrə Teleradiosunda Azərbaycanda keçirilmiş prezident seçkisi barədə reportaj yayımlanıb – FOTO/VİDEO

Sharing is caring!


İsveçrə Teleradiosunun (SRF) xəbər buraxılışında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi və regionda iqtisadi və nəqliyyat infrastrukturunun potensialına dair geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda keçirilən prezident seçkisi barədə məlumat verilib, dövlət başçısı İlham Əliyevin seçkidə böyük üstünlüklə qalib gəlməsi qeyd edilib.

Həmçinin Cənubi Qafqazda yerləşən Azərbaycanın mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşməsi diqqətə çatdırılıb, regiondakı münaqişə və geosiyasi vəziyyətin bu potensialdan tam şəkildə istifadə edilməsinə maneə yaratdığı bildirilib. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrindən də bəhs olunan reportajda hər iki ölkə üçün Azərbaycanın Naxçıvan bölgəsindən keçməklə quru yolunun Xəzər dənizi və Mərkəzi Asiyaya kimi uzanmasının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Naxçıvana səfər edən çəkiliş heyəti burada işgüzar şəxslər və yük maşınlarının sürücüləri ilə onların qarşılaşdıqları çətinliklər barədə söhbət aparıblar. Qeyd edilib ki, yüklərin İran ərazisindən daşınması əlavə gömrük ödənişlərinə, uzun və əlverişsiz yollarda hərəkət keyfiyyət və vaxt itkisinə səbəb olur, Cənubi Qafqazda yüklərin dövriyyəsini çətinləşdirir. Məhz buna görə də hələ Sovet İttifaqı dövründə mövcud olmuş və hazırda “Zəngəzur dəhlizi” adını daşıyan yol infrastrukturunun yenidən fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan və dövlət başçısı İlham Əliyev vaxtilə mövcud olmuş bu yolun yenidən açılması üçün səylər göstərir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana istinadən isə Naxçıvanın iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında oynaya biləcəyi əhəmiyyətdən bəhs edilib, regional nəqliyyat və kommunikasiya imkanlarının açılması ilə bu potensialdan tam şəkildə istifadənin mümkünlüyü vurğulanıb.

Reportajda, həmçinin qeyd edilib ki, Naxçıvan ərazisindən keçən nəqliyyat dəhlizi Türkiyəni təkcə Azərbaycanla deyil, Mərkəzi Asiyada ölkələri ilə də birləşdirməyə imkan verəcək. Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada artan nüfuzuna da xüsusi diqqət yetirilib, bu imkanın iş adamları tərəfindən də böyük maraqla dəstəkləndiyi bildirilib. Çəkiliş qrupuna müsahibə verən türkiyəli iş adamı hazırkı prosesləri vaxtilə mövcud olmuş Böyük İpək Yolunun yenidən dirçəldilməsində bir mərhələ kimi dəyərləndirib və bu yolda hələlik kiçik bir məsafənin həmin infrastruktura daxil edilməli olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Azərbaycan hökumətinin mükəmməl xarici siyasəti nəticəsində bu çətinlik də aradan qaldırılacaq.

SRF-in reportajının sonunda bildirilib ki, Ermənistan bu yol təşəbbüslərini hələ də dəstəkləmir və Naxçıvanla Ermənistan arasındakı sərhəd zonası hərbi cəhətdən qapalı ərazi olaraq qalır. Lakin bununla belə ümid edilir ki, üç ölkənin kəsişməsində yerləşən bu ərazilərlə bağlı silahlar yerinə diplomatlar danışmalıdırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir