Dünya

Gezeravcı kosmosdakı həyatından və orqanizminə təsirindən danışdı: “Üzüm şişib…” – FOTO/VİDEO

Sharing is caring!


“Kosmosa ilk getdiyimiz vaxtdan bəri bədənimdə əhəmiyyətli dəyişikliklər oldu”.

Bu barədə ilk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadan canlı yayımda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, kosmos mühitini Yer kürəsindən ayıran ən mühüm fərqin cazibə qüvvəsi olmaması və hiss edilən təsirlərin çoxunun da bununla bağlı olduğunu deyib.

“Məsələn, burada, normal olaraq bədənimə paylanmalı olan mayelər, cazibə qüvvəsi olmadığı üçün orqanizmin yuxarı hissələrində toplanır. Ona görə də üz cizgilərim Yerdə olduğundan daha şişkin görünür”, – deyə astronavt qeyd edib.

Onun sözlərinə görə, qravitasiya olmadığından normalda bədən çəkisini daşıyan skelet və əzələ sistemi burada eyni yükü hiss etmir.

“Bu, zaman keçdikcə sümük sıxlığının və əzələ kütləsinin azalmasına səbəb olur. Bu effekti azaltmaq üçün missiyamızın planlaşdırılan qrafiki çərçivəsində xüsusi məşq proqramları həyata keçiririk. Mən hazırda bu təsiri o qədər görməsəm də, uzunmüddətli kosmik missiyalar zamanı bu vəziyyət daha çox hiss olunur”, – deyə o qeyd edib.

Gezeravcı orqanizm mayelərində təzyiqin dəyişməsi səbəbindən bəzi görmə problemləri və immunitet sistemində zəifliklər yarana biləcəyini də vurğulayıb:

“Allaha şükür, indiyə qədər belə problem yaşamamışam. Kosmosda yaşamağın bədənə təsirlərini anlamaq və bunlara qarşı tədbirlər hazırlamaq üçün həm türkiyəli, həm də xarici elm adamları tərəfindən davamlı araşdırmalar aparılır. Hətta mən də bu məsələdə türkiyəli alimlərin araşdırmalarına töhfə vermək üçün burada bəzi tədqiqatlar aparır və məlumat toplayıram”.

Astronavt BKS-də qidalanma rejiminin Yerdəki ilə eyni olduğunu (gündə üç dəfə) qeyd edib. Onun sözlərinə görə, aprel ayında ABŞ-də təlim proqramının lap əvvəlində planlaşdırılan fəaliyyətlərdən biri kosmosda yemək və içkilərin seçimi olub.

“Qida mühəndislərinin müşayiəti ilə 70-ə yaxın qida və 30 içki alternativini sınadıq, seçimlərimizi müəyyən etdik. Əsas meyar gündəlik kalori qəbulunu qarşılamaq və sağlam qidalanmaqdır. Daha sonra seçdiyimiz yeməklər və içkilər stansiyada qaldığımız müddətə uyğun hazırlandı və daşınmaq üçün qablaşdırıldı. Biz kosmos stansiyasına çatmazdan əvvəl yeməyimiz buraya göndərilib”.

Onun sözlərinə görə, ümumiyyətlə, BKS-dəki həyat astronavt ora getməzdən çox əvvəl böyük bir qrup tərəfindən tam təfərrüatı ilə planlaşdırılır:

“Hər gün səhər gündəlik fəaliyyətimin başlamasına təxminən iki saat qalmış oyanıram. Səhər yeməyimi yeyərək, gündəlik planlaşdırma iclası başlamadan brifinq məzmununu və gündəlik tapşırıq fayllarını nəzərdən keçirirəm. İşə missiya idarəetmə mərkəzi ilə planlaşdırma görüşü keçirməklə başlayıram.

Hər gün hər biri müxtəlif uzunluqda və məzmunda olan orta hesabla 12-15 müxtəlif tapşırıq yerinə yetirirəm. Bu vəzifələrə ölkəmizdən buraya gətirdiyimiz elmi təcrübələri başda olmaqla dünyada müəyyən etdiyimiz müşahidə nöqtələrini izləmək, stansiya daxilində mənə müəyyən edilmiş vəzifələri yerinə yetirmək, fərqli yayım əlaqələri qurmaq, sağlamlıq testlərinin keçirilməsi, tibbi nümunələrin götürülməsi və s. daxildir. Bunlar həddindən artıq diqqət və enerji tələb edən yorucu vəzifələr olsa da, hədsiz dərəcədə zövqlüdür”, – deyə Gezeravcı vurğulayıb.

Mənbə: İha.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir