Dünya

Qanlı Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb – FOTO

Sharing is caring!


Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, tədbir iştirakçıları öncə xalqımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il 19-20 yanvar hadisələrinin tutduğu yerdən söz açıb və Qanlı Yanvarın xalqımızın qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını ifadə edib. Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya təcridindən qurtarılmasında ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi tarixi bəyanatın mühüm təsirini vurğulayıb və onun Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli bəyanatının xalqımızın gələcəyə olan inamını gücləndirdiyini bildirib. Nəhayət, F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan Azərbaycanlıların güclə qovulması ilə başlayan, 20 yanvar faciəsi və sonra hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə sona yetdiyini və millətimizin qarşısında artıq yeni bir dövrün açıldığını qeyd edib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan icmasının üzvü Mustafa Alınca 1990-cı il yanvar hadisələrinin ardınca Strasburqdan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan fəaliyyətlərdən bəhs edib və məhz Qanlı Yanvar faciəsinin Azərbaycan icmasının üzvlərinin təşkilatlanmasını bir zərurət halına çevirdiyini qeyd edib.

Çıxışların ardınca iştirakçılara Azərbaycan televiziyasının istehsalı olan və Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir