Dünya

Azərbaycan güləşçisi: “Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm”

Sharing is caring!


“Turnir ərəfəsində özümü yüksək hazırlıq formasında hiss etmirdim. Ancaq özümə çox inanırdım. Düşünürəm ki, məhz buna görə uğurlu nəticə əldə etdim”.

Bu sözləri Xorvatiyada keçirilmiş reytinq turnirində qızıl medal qazanan yunan-Roma güləşçisi Sənan Süleymanov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

77 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çətin keçdiyini bildirib: “Bir çox ölkələr qarşıdakı turnirlərə seçim etmək üçün hər çəkidə 2-3 güləşçi gətirmişdi. Çəkimdə 42-43 idmançı var idi. İlk görüşüm həmişə çətin olur. Bu dəfə də türkiyəli Ahmet Yılmaza çətinliklə qalib gəldim. Sonra erməni əsilli Bolqarıstan güləşçisini məğlub etdim. Bu görüş də asan keçmədi. Çünki rəqibim güclü idi. Növbəti mərhələdə 2022-ci ildə dünya çempionatında uduzduğum Almaniya təmsilçisinə qalib gəldim. Yarımfinalda türkiyəli Yunus Emre Başardan revanş aldım. İki dəfə hakimlərin kobud səhvinə görə ona məğlub olmuşdum. Finalda isə hamının tanıdığı Joltan Levaya 5:0 hesabı ilə qalib gəldim”.

O, final görüşünə xüsusi hazırlaşmadığını vurğulayıb: “Levayla 4-cü dəfə qarşılaşdım. İlk dəfə 2020-ci il Avropa çempionatının finalında ona qalib gəlmişdim. Sonra Bakıdakı Dünya Kubokunda Macarıstan güləşçisini məğlub etdim. Ötən il qitə birinciliyində Joltana uduzdum. Bu dəfə isə yarışda yenidən ona qalib gəldim”.

2020-ci ildəki Avropa çempionatında qızıl medal qazanan S.Süleymanov qarşıdakı qitə yarışında həmin nəticəni təkrarlamağa çalışacağını söyləyib: “Olimpiada öncəsi əsas yarış qitə birinciliyidir. İkinci dəfə Avropa çempionu olmağa çalışacağam”.

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq şanslarını da dəyərləndirən güləşçinin sözlərinə görə, bu cür yarışlarda asan rəqib olmur: “Bütün iştirakçılara eyni gözlə baxıram. Düzdür, nəticə baxımından bəzi idmançılar üstündür. Ancaq mən çəkimdəki bütün güləşçiləri özümə ciddi rəqib sayıram. Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm. Ümid edirəm ki, istəyimə nail olacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir