Dünya

“Əl-Əqsa tufanı”nın Çin və Rusiyaya təsiri – ŞƏRH + FOTO

Sharing is caring!


HƏMAS-ın İsrailə qarşı keçirdiyi “Əl-Əqsa tufanı” əməliyyatından 100 gün keçib. Bu hücum Yaxın Şərq regionundakı geosiyasətə ciddi təsir etməklə yanaşı, beynəlxalq güclərin diqqətini cəlb edib və bəzilərinin planlarını da alt-üst edib. Eyni zamanda, bu əməliyyat Qərbin Ukraynadakı müharibədən diqqətini yayındırıb. İllərdir vətəndaş müharibəsi ilə parçalanan Yəməndə husilər Qırmızı dənizdə gəmiləri atəşə tutmaqla qlobal ticarətə də təsir ediblər.

Təbii ki, regiondakı münaqişəyə daha çox qoşulan İsraili dəstəkləyən ABŞ olub. Qeyd etmək yerinə düşər ki, dənizlərdə hökmranlığı ələ alan Birləşmiş Ştatlar bu münaqişə vasitəsilə həm müttəfiqini dəstəkləyir, həm də quru yollara da nəzarətini gücləndirmək niyyətini güdür. Bununla yanaşı, sözügedən münaqişə Ukrayna cəbhəsindən diqqəti yayındırmaqla Rusiyaya da təsir etmiş sayılır. Eyni zamanda uzun müddətdir qapalı rejimdə idarə olunan Çin də siyasətə qapılarını açmaq qərarına gəlib.

Si siyasətə qapı açır

Çin Soyuq müharibə başa çatdıqdan sonra daxili sosial və iqtisadi dilemmalarını həll etməyə çalışır və təxminən yarım əsrdən sonra bu gün gördüyümüz iqtisadi nəhəngi yaradan bir islahat proqramı həyata keçirib. Lakin, eyni zamanda, 1960-cı illərdə Vyetnam müharibəsində və ya 1950-ci illərdə Koreyada baş verənlərdən sonra buna bənzər münaqişələrə birbaşa siyasi iştirakdan və ya silahlı müdaxilədən geri çəkilib. Buna görə də Çinin dünyadakı roluna sırf iqtisadi rol kimi baxılmağa başlayıb.

Rəsmi Pekinin fikrinə görə, Amerika müttəfiqlik sistemi qeyri-bərabər bir dünya yaradıb ki, burada Birləşmiş Ştatların müttəfiqlik şəbəkəsinə daxil olan ölkələr öz təhlükəsizliyinə böyük diqqət yetirirlər. Amma bu şəbəkədən kənarda qalan ölkələrdə məsələ fərqlidir.

Ukrayna müharibəsi

2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsində Pekin neytrallıq dərəcəsini qorudu, heç bir tərəfə qarşı açıq qərəzli mövqe nümayiş etdirmədi. Amma üstüörtülü formada ABŞ-nin bu münaqişədəki rolunu tənqid edib. Pekinin qənaətincə, Kiyevi NATO-ya cəlb etmək müharibəyə səbəb olan əsas amildir. Bu səbəbdən də Çin Rusiya ilə münasibətlərini yaxşı səviyyədə saxlayıb və rəsmi Moskvanın hərbi əməliyyatlarını pisləməkdən imtina edib.

Çin və İsrail

2023-cü ilin martında Ər-Riyad və Tehran arasında münasibətlərin bərpası yeddiillik diplomatik qırılmadan sonra hər iki paytaxtda səfirliklərin açılması ilə yekunlaşıb və bu işdə vasitəçiliyi Çin üzərinə götürüb. Bu ilin əvvəlinə qədər rəsmi Pekinin Tel-Əvivlə münasibətləri yaxşı olsa da, İsrailin ABŞ-nin müttəfiqlik şəbəkələrinin mərkəzində olması iki ölkə arasında soyuqluğa səbəb olub. “Əl-Əqsa tufanı”ndan bir gün sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkəsi tərəfləri təmkinli olmağa və əməliyyatları dayandırmağa çağırıb. Ertəsi gün Çin Fələstin dövlətinin yaradılmasını tələb edib və bunun davamlı sülh və təhlükəsizliyin açarı olduğunu söyləyib. Dörd gün sonra Çinin XİN başçısı Vanq Yi bildirib ki, İsrailin də, Fələstinin də dövlətə sahib olmaq hüququ var.

Əslində Çinin bu tip davranışı təəccüblü deyildi. Çünki rəsmi Pekin ABŞ-nin yanaşmasını rədd edir, Vaşinqtonun müttəfiqlərindən ehtiyat edir. Bu siyasi yanaşmanın isə bəzi üstünlükləri var. Məsələn, Çin əsasən ərəb regionunda populyarlıq qazanmağa çalışır.

Qısacası, Fələstin-İsrail münaqişəsi Çinə bölgədə siyasi cəhətdən hərəkət etmək üçün daha geniş yer və ABŞ-dən qat-qat üstün olan etibar qazandırdı. Bunun isə bir neçə səbəbi var. Birincisi, Çinin regionda Qərb kimi müstəmləkəçilik irsi yoxdur, əvvəlki münaqişələrdə iştirak etməyib, cəlbedici inkişaf modeli və iqtisadi üstünlüklər təklif edir.

Münaqişənin Rusiyaya təsiri

“Əl-Əqsa tufanı” Rusiyaya bölgədə siyasi üstünlük verməsə də, Qərbin Ukraynadakı müharibədən diqqətini və dəstəyini yayındırıb. 2023-cü ilin 16 noyabr tarixində İsrail Qəzza zolağında quru əməliyyatlara başladıqdan sonra, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibə üçün ayrılan ABŞ hərbi təchizatı artıq azalıb. Bu, ABŞ-nin Kiyevə verdiyi dəstək hesabına İsrailin hərbi əməliyyatlarına diqqət yetirməsinin nəticəsi olub. Ukrayna üçün nəzərdə tutulmuş minlərlə raket Tel-Əvivə təslim edilib. Analitiklərin hesablamalarına görə, Qəzza münaqişəsindən sonra Qərb, xüsusən də rəsmi Vaşinqton Kiyevə hərbi yardımı kəskin şəkildə azaldıb. Eyni zamanda qeyd etmək lazımdır ki, ABŞ Konqresində də Ukrayna və İsrail cəbhələrinin birgə maliyyələşdirilməsinə icazə verən qanunun qəbulu zamanı da respublikaçılarla demokratlar arasında ciddi fikir ayrılığı və mübahisələr yaranıb.

Üstəlik, Avropa da Yaxın Şərq müharibəsinə ciddi diqqət ayıraraq, Ukraynaya silahla bağlı öhdəliklərini yerinə yetirə bilməyəcəyini açıqlayıb. Bundan əlavə, rəsmi Kiyevin HƏMAS hücumlarını pisləməsi də əvvəllər ona rəğbət bəsləyən ərəb ölkələri arasında mənfi hisslərin yaranmasına təkan verib.

Moskva isə bunun əksinə, iki ildir Ukraynanı dəstəkləyən İsraili açıq şəkildə tənqid edib, Qərbin ikili standartlarını da dilə gətirib. HƏMAS liderlərinin də Rusiya tərəfindən qəbul edilməsi, əsir mübadiləsinə razı salmaq üçün danışıqlar aparması da təsadüfi deyildi. Rəsmi Moskvanın bu qruplaşmaya qarşı mehriban münasibət sərgiləməsi ilk hal deyildi. 2006-cı ildə də HƏMAS-ı parlament seçkisində qələbə münasibətilə təbrik edən ilk ölkələrdən biri məhz Rusiya olub və hərəkatın siyasi rəhbəri Xalid Məşəli də Kremldə qəbul edilib.

Göründüyü kimi, dünya qlobal səviyyədə böyük dəyişikliklərin ərəfəsindədir və bu dəfə Çin də siyasi mühitə atılaraq xalq qazanmaq və geosiyasətdə söz sahibi olmaq niyyətindədir. Ukrayna isə Qərbin ikiüzlü siyasətinin qurbanına çevrilmək üzrədir…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir