Dünya

Ermənistan – siyasi məhbusların bol olduğu ölkə – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistan hökuməti özünü hər nə qədər demokratiya qalası, Qərb dəyərlərinin keşikçisi adlandırsa da, reallıq odur ki, bu gün sözügedən ölkə diktatura və siyasi məhbusların sığınacağına çevrilib. Bu gün saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Baş nazir Nikol Paşinyan bu şəxslərin siyasi gücündən və çəkisindən qorxur və hakimiyyətinə qarşı təhlükə olduğunu düşünür. Bu səbəbdən də müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimləri, hərbçiləri həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə qarşı da amansızlıq hakim partiyanın tez-tez əl atdığı üsullardan biridir. Eyni zamanda müxalif düşüncələrinə görə də təqib edilən insan sayı az deyil. Erməni müxalifəti etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb. Maraqlıdır ki, aparılan sorğuların nəticələri də ürəkaçan deyil. Respondentlərin 49,2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu etiraf edib, 20,1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, insan hüquqlarının kobud şəkildə pozulmasına bir sıra beynəlxalq təşkilat və strukturlar göz yumur, tənqidi fikirlər səsləndirməkdən vaz keçirlər. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir. Azərbaycanda konkret cinayət əməli törədən şəxsə qarşı cinayət işi açılanda bu beynəlxalq qurumlar nədənsə kənd itləri kimi səs-səsə verərək insan hüquqların pozulmasından, siyasi məhbus nağıllarından moizələr oxumaq üçün sıraya düzülürlər. Bu gün isə Ermənistanda 50-dən çox siyasi məhbus olduğu halda, cəmi bir dəfə, Avropa Xalq Partiyası Armen Aşotyanın siyasi məhbus olduğunu, onun azad edilməsinin vacibliyi ilə bağlı bəyanat səsləndirib.

Aşağıda erməni siyasi məhbuslarından bəzilərinin kim olduğuna və həbs motivlərinə toxunaq.

Armen Aşotyan

Keçmiş təhsil naziri, Respublikaçılar Partiyasının sədr müavini Aşotyan uzun müddət siyasi təqiblərə məruz qalıb. Paşinyan komandasını və onun yürütdüyü siyasəti sərt şəkildə tənqid edən siyasətçi siyasi baxışlarına görə həbs edilib. Artıq uzun müddətdir həbsdə olan Armenin nə zaman azadlığına qovuşacağı hələ məlum deyil.

Mamikon Aslanyan

Vanadzorun keçmiş meri Mamikon Aslanyan da yerli seçkilərdə qalib gəlsə də, hakim partiyanın qəzəbinə tuş gəlib. Ötən il dekabrın 15-də Aslanyan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunub. Dekabrın 16-da onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. Sonradan isə bu həbs müddətləri uzadılıb. Aslanyan bloku keçirilən seçkilərdə 45 faiz səs toplayaraq, hakim partiyanın namizədini üstələmişdi. Yerli icra strukturlarını ələ keçirməyi qarşısına məqsəd qoyan “Vətəndaş sazişi” üçün isə bu, yeni bir əngəl idi. Bu səbəbdən də müxtəlif ittihamlarla Mamikon həbsə göndərilib.

Albert Bazeyan

İrəvanın keçmiş meri Albert Bazeyan da Paşinyanın qəzəbinə tuş gələrək həbsə atılan şəxslərdən sayılır. O, bir qrup şəxslə birlikdə hökumət üzvlərinə qarşı zorakılıq aksiyaları təşkil etməkdə ittiham olunur. Bu qrup dedikdə “Səlibçilər” ictimai təşkilatına istinad edir ki, mediaya sızan məlumata görə, onun üzvlərindən biri, Bazeyan əleyhinə ifadə verib. Axtarış zamanı keçmiş merin üzərində heç nə tapılmayıb, lakin həbs müddəti uzadılıb. Bazeyan qondarma ittihamla həbs edilib və təqibin əsl səbəbi siyasi fəaliyyətə qayıtmaq qərarı olub. Veteran dairələrdə Bazeyan böyük nüfuza malikdir və buna görə də Paşinyan rejimi üçün təhlükə yaradır. Keçmiş səhra komandirinin səhhətində ciddi problemlər var, lakin Paşinyanın ədaləti belə hallara məhəl qoymur.

Levon Koçaryan

Ermənistanın 3-cü prezidenti Robert Koçaryanın oğlu da bir müddət həbsxana həyatı yaşayıb və siyasi dairələrdə siyasi məhbus ünvanını alıb. İrəvanda keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Koçaryan siyasi fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə Paşinyanın əsas hədəfi Robert Koçaryan idi və onun siyasi baxışlarına, hakimiyyətə münasibətinə, açıqlamalarına görə, korrupsiya ittihamı ilə cinayət işi açılmışdı. Maraqlıdır ki, Levon atasının yolu ilə getmək qərarına gəldiyi üçün qəzəb oxlarına tuş gəlmişdi. Amma sonradan həbs müddəti başa çatdı və aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur. Nikol Paşinyan 26 dekabrda Sankt-Peterburqdan qayıtdıqdan sonra Robert Koçaryana qarşı da cinayət təqibinə xitam verilib. Görünür, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibəti bu işdə ona kömək olub.

Yuxarıda sadalananlardan əlavə, bu siyahıya professor Arman Carçyanı, Avetik Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir sosial şəbəkə postuna görə müxtəlif ittihamlarla onları həbsə atmaqdan belə çəkinmir. Növbəti il, yəni 2024-cü il isə deyəsən, Ermənistanda daha sərt keçəcək. Çünki Paşinyan hökumətinin daha da azğınlaşacağı, repressiya və təzyiqlərin kəskin artacağı ehtimal edilir. Siyasi opponentlər hədəfə qoyulacaq, məhkəmə sisteminə təzyiqlər vasitəsilə bu şəxslər həbsə atılacaqlar.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir