Dünya

Türkiyə Milli Müdafiə Nazirliyi 12 hərbçinin həlak olduğu əməliyyatın bəzi təfərrüatını açıqlayıb

Sharing is caring!


Dekabrın 23 və 24-də İraqın şimalında terror hücumu nəticəsində ümumilikdə 12 türkiyəli hərbçinin həlak olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən hadisənin bəzi təfərrüatını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, hadisə “Pence-Kilit” əməliyyatı bölgəsində, mürəkkəb relyef şəraitində baş verib.

Bildirilir ki, hadisənin baş verdiyi yüksəklik, dik yamaclar və qayalıqları olan sıldırım dağlıq ərazidir və minlərlə mağaranın olduğu bir yerdir.

“Nəzərə alınmalıdır ki, qeyd olunan ərazilərdə sıx duman və çovğun səbəbindən görmə məsafəsi 5-10 metrə qədər aşağı enir. Ərazi mağaralarla zəngin olduğundan kiçik qruplar bu təbii istehkamlarda maneəsiz gizlənə və pusqu qura bilirlər”, – deyə açıqlamada qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq vurğulanıb ki, həmən günlər müşahidə edilən hava şəraiti PUA-ların (pilotsuz uçuş aparatları) və SİHA-ların (silahlı dronlar) istifadəsini qeyri-mümkün edib.

“İtkilərimizin olmasına baxmayaraq, komando bölməsinin başında duran ön xətdəki bölmələrimizin və batalyon komandirinin qəhrəmancasına müdafiəsi nəticəsində terrorçuların əsas məqsədinin qarşısı alınıb. Nəzarətimizdə olan ərazilərə soxulmağa cəhd edən terrorçuların hamısı zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri dünyada heç bir ordunun belə etməyə cürət etmədiyi əməliyyatları həyata keçirir”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin ictimailəşdirdiyi məlumatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri hazırda Türkiyə sərhədlərində çətin iqlim və relyef şəraitində qəhrəmanlıq və fədakarlıqla xidmət aparır, terrorla mübarizə davam etdirilir:

“Bütün terror yuvaları məhv edilənə və bir dənə də olsun terrorçu qalmayana qədər qətiyyətli addımların atılması davam etdiriləcək”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir