Dünya

ABŞ: “Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib”

Sharing is caring!


Ağ Ev hesab edir ki, İran Yəmən husilərinin (“Ənsar Allah” hərəkatının üzvləri) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının hazırlanmasında dərindən iştirak edib.

Bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson bildirib.

Onun sözlərinə görə, Tehran husilərə lazımi kəşfiyyat məlumatını ötürüb.

“Bu, İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan fəaliyyətini təşviq etməsi ilə uyğundur”, – deyən Uotson baş verənləri kollektiv cavab tələb edən bir çağırış adlandırıb.

“The Wall Street Journal”, öz növbəsində, təhlükəsizlik mənbələrinə istinadən yazır ki, husilər İranın hərbiləşdirilmiş qüvvələrindən təkcə kəşfiyyat məlumatları deyil, həm də silahlar – pilotsuz təyyarələr və raketlər alırlar.

“Husilərin gəmiləri hədəf almaq üçün radar texnologiyası yoxdur. Onların İranın köməyinə ehtiyacı var, yoxsa raketləri, sadəcə, suya düşər”, – nəşrin həmsöhbətlərindən biri bildirib.

İran isə hər hansı əlaqəni inkar edir.

Husilərin sözçüsü deyib ki, onların Tehranın köməyinə ehtiyacı yoxdur:

“Hər şeyi İrana aid etmək qəribədir, sanki onlar dünyanın ən böyük gücüdür. Bizim kəşfiyyat xidmətlərimiz var və ölkəmizə qarşı təcavüz illərində onlar özlərini yaxşı sübut ediblər”, – deyə mənbə vurğulayıb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir