Dünya

Ukrayna müharibəsində nələr baş verir?

Sharing is caring!


Qan Turalı yazır…

Son bir aydır dünyanın diqqəti HƏMAS – İsrail münaqişəsi üzərində cəmləşib. Bu fonda Ukrayna müharibəsi qətiyyən yada düşmürdü. Hərçənd keçən ilin fevral ayında başlanan müharibə ilə bağlı xəbərləri son aylardır çox seyrək görürük. Görkəmli alman yazıçısı Erix Mariya Remarkın məşhur romanı “Qərb cəbhəsində təbəddülat yoxdur” adlanırdı. Bu situasiya Ukrayna cəbhəsinə də tamamilə uyğun gəlir. Bəs Ukraynada nə baş verir?

Qərb paytaxtlarında Ukraynaya dəstək getdikcə azalmaqdadır. Xüsusən də, Ağ Ev Ukraynaya dəstəyinə görə ciddi şəkildə tənqid edilir. Tənqidlərin bir səbəbi ABŞ-də getdikcə çətinləşən iqtisadi vəziyyətdir. Digər bir səbəb isə başda ABŞ olmaqla Qərb ölkələrinin Ukraynaya axıtdığı on milyardlarla dollar yardım müqabilində Ukraynanın cəbhədə heç bir faktiki uğur əldə edə bilməməsidir. Aylardır gözlənilən əks-hücum taktikası faktiki olaraq heç bir ciddi nəticə vermir. Bu da seçkilər ərəfəsində olan Ağ Evi müxalifət qarşısında çətin vəziyyətə salır. 

Ukraynanın hərbi və siyasi rəhbərliyi arasında da fikir ayrılıqları mövcuddur. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı 1 noyabrda ABŞ-nin “The Economist” jurnalına verdiyi müsahibəsində belə demişdi ki, Ukraynanın əks-hücum əməliyyatları ciddi nəticə verməyəcək: “Müharibə bloklanma mərhələsinə gəlib, kor dalana dirənib”. 

Zelenski isə onun fikirləri ilə razılaşmadığını bildirərək müharibənin çətin olduğunu ancaq dalana dirənmədiyini bildirdi. Müharibə dövründə hərbi və siyasi rəhbərliyi arasında media qarşısında baş verən bu “atışma” adi və təbii bir hadisə deyil. Bu, hakimiyyət daxilində baş verən çatlardan xəbər verir. Təsadüfi deyil ki, ABŞ-dəki bəzi qəzetlər Zalujnının Zelenskini devirə biləcəyini yazırlar. Zelenskinin ordu rəhbərliyindəki dəyişikliklər də bu qarşıdurmaların inikasıdır. 

Zelenski Rusiyanın ötən ay İngiltərənin “The  Sun” qəzetinə verdiyi müsahibəsində Rusiyanın ilin sonuna qədər onu devirmək planının olduğunu bildirdi. Məsələ burasındadır ki, Qərb ölkələrinin də belə bir planı olduğu ehtimal olunur.

Artıq Qərbdə sülh danışıqları üçün Ukraynaya təzyiq planları işə düşür. Belə ki, ABŞ ordusunun baş qərargah rəisi Mark Milley ötən il Ukraynanın sülh üçün şansı olduğunu bildirirdi. Həmin dövrdə Ukrayna ordusu Xarkov və Xersonda Rusiyaya qarşı uğurlu əməliyyatlar həyata keçirtmişdi. Ancaq mövcud vəziyyətdə Ukrayna daha zəif görünür. O dövrdə ABŞ ordusunun bir nömrəli adamı olan Milleyin (hazırda təqaüddədir) belə bir açıqlaması təsadüf sayıla bilməz.

ABŞ-nin NBC kanalı Ukrayna və ABŞ rəsmiləri arasında sülh əldə edilməsi müqabilində Ukraynanın Rusiyaya edəcəyi güzəştlərin məxfi şəkildə müzakirə edildiyini bildirir. Zalujnının güzəştlərlə bağlı Zelenski ilə fikir ayrılıqlarının olduğu, həmçinin onun sülh tərəfdarı olduğu da qeyd olunur.

Ukrayna və Rusiya arasında bu ilin avqust ayında 1000 nöqtədə toqquşma qeydə alınmışdısa noyabr ayında bu rəqəm 300-ə qədər düşüb. Göründüyü kimi, müharibə son dərəcə sönük bir vəziyyətdədir və bu vəziyyət hər iki tərəfin maraqlarına uyğun gəlir.

Avropa Birliyi Ukraynaya vəd etdiyi bir milyon top mərmisi tədarükünü də yerinə yetirə bilməyəcəyini rəsmən elan etdi. Bir il ərzində göndəriləcək mərmilərin cəmi 30 faizi Ukraynaya verilib.

Ukrayna Rusiya cəbhəsində vəziyyət bundan ibarətdir. Döyüş meydanından heç bir təbəddülat baş verməsə də qapalı qapılar arxasında maraqlı proseslər cərəyan edir. Hələ heç nə aydın deyil. Aydın olan bircə şey varsa, o da Qərbin etibarlı tərəfdaş olmamasıdır. Baş verənlər fonunda Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı tarixi zəfər xüsusilə mənalı və əhəmiyyətli görünür. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir