Dünya

Fuad Hüseynəliyev: “ABŞ Qərb ölkələrinin anti-Azərbaycan ritorikasını davam etdirir”

Sharing is caring!


“ABŞ Rusiyanın Cənubi Qafqaz regionunda təsirini zəiflətmək məqsədilə Qərb ölkələrinin başlatdığı anti-Azərbaycan ritorikasını davam etdirir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

“Vaşinqton bu gün Qərb ölkələrinin Azərbaycana qarşı yönəlmiş ritorikasını davam etdirir. Biz bunu Fransadan gördük, sonra Avropa İttifaqı da buna qoşuldu, indi də ABŞ başlayıb. Qərb Rusiyanı birmənalı şəkildə Ermənistandan və bütövlükdə regiondan çıxarmağa köklənib”, – deyə o bildirib.

F.Hüseynəliyev qeyd edib ki, Qərb ölkələri bu hədəfə çatmaq üçün bitmiş Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdən istifadə edirlər: “Onlar Rusiyanı Ermənistana xəyanət etməkdə, dəstəkləməməkdə ittiham edirlər. Ermənistanı necə dəstəkləmək olar? Axı Azərbaycan bütün addımları öz suveren ərazisində, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində atıb. Ölkəmizin suverenliyi bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb”.

Agentlik rəhbəri hesab edir ki, son vaxtlar ABŞ rəsmilərinin açıqlamalarında yer alan ziddiyyətlərə diqqət yetirilməlidir: “Məsələn, Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin dünənki bəyanatı Azərbaycanı demək olar ki, bütün ölümcül günahlarda ittiham edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın əvvəlki bəyanatları ilə üst-üstə düşmür. Bu, onlar arasında kommunikasiyaların olmamasından xəbər verir”.

Onun sözlərinə görə, ABŞ rəsmi Bakının müxtəlif vacib məsələlərdə uzun illər qarşılıqlı əməkdaşlığını və dəstəyini unudaraq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla qarşıdurma yolunu seçib: “Azərbaycan ABŞ-nin Əfqanıstanda əməliyyatlar apardığı baza ölkələrindən biri olub. Bundan başqa, Bakı beynəlxalq səviyyədə Əfqanıstan, İraq və digər ölkələrdə həyata keçirilən əməliyyatları həmişə dəstəkləyib”.

F.Hüseynəliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa köklənmiş ölkələrlə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir