Dünya

Vyaçeslav İqrunov: “Ermənistan nə qədər silahlansa da, Azərbaycan ondan qat-qat daha güclü silahlanacaq”

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə bildirib ki, İrəvan Bakı ilə sülh və nizamlanma üçün üç fundamental prinsip, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə siyasi əsas kimi Alma-Ata Bəyannaməsinin qəbulu, suverenliyə qarşılıqlı hörmət əsasında bütün regional kommunikasiyaların açılması ilə bağlı razılığa gəlib.

Məsələni Oxu.Az-a şərh edən Beynəlxalq Humanitar-Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı siyasi xadim, SSRİ-də dissident hərəkatının iştirakçısı, Rusiya Federasiyası Dövlət Dumasının bir neçə çağırış keçmiş deputatı Vyaçeslav İqrunov bildirib ki, bu gün Qərb-Avropa və ABŞ üçün İrəvanı Moskvadan qoparmaq vacibdir.

“Rusiyadan ayrılmış Ermənistan hətta özü özünü müdafiə edə bilməyəcək. Bu, iqtisadi cəhətdən də, az qala, fəlakət olar. Bu gün Ermənistan Respublikası Rusiya Federasiyası ilə bağlı olmağa məcburdur. Hətta ən nümayişkaranə (anti-Rusiya – red.) addımlarla belə, heç bir ağlı başında olan erməni siyasətçi Ermənistanla Rusiya Federasiyası arasında münasibətləri kəsə bilməz”, – deyə V.İqrunov vurğulayıb.

Siyasi xadimin fikrincə, qonşu Gürcüstan Rusiya ilə qarşılıqlı fəaliyyətdən daha az asılıdır, lakin hətta Tbilisi də Qərbin ciddi təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə qarşıdurmaya razı deyil:

“Ermənistanda bu cür davranmaq üçün təzyiq daha yüksəkdir. İrəvan Moskva ilə normal münasibətlərdə çox maraqlıdır. Onun, sadəcə, başqa variantı yoxdur”.

“Silah Ermənistan üçün heç nəyi həll etmir, hətta Fransa və ya Hindistanla hərbi təchizatla bağlı bəzi müqavilələr imzalansa belə. Azərbaycanın misilsiz silah imkanları var. Ermənistan nə qədər silahlansa da, Azərbaycan ondan qat-qat daha güclü silahlanacaq. Həmin o Qərb, Rusiya kimi, Bakıya müasir silahlar satacaq. Bir də Türkiyə var. Məsələ bu deyil. Silah pariteti İrəvanın problemlərini həll etmir. Ermənistanın özünümüdafiə imkanları çox deyil. Demoqrafiya, iqtisadiyyat, maliyyə məsələləri də var. Azərbaycan bu göstəricilərə görə Ermənistandan xeyli üstündür”, – İqrunov əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir