Dünya

ABŞ-İsrail münasibətləri: Mübahisələr, Vaşinqtonun ssenariləri – TƏHLİL

Sharing is caring!


ABŞ ilə İsrail arasındakı münasibətlərdə müttəfiqlik balansı köklü şəkildə dəyişikliyə məruz qalmasa da, Qəzza zolağına müdaxilə məsələsinə münasibətdə fərqlilik davam edir.

Ümumiyyətlə, ABŞ-İsrail münasibətlərində nahamar müstəvilər təkcə Fələstin münaqişəsinin həllinə yanaşmalarda özünü göstərmir.

Eyni zamanda:

– İrana münasibətin kontekstindəki fərqlilik,

– İsrailin daxili işlərində ABŞ-nin hökmran mövqe ilə daxil olmaq cəhdləri iki ölkənin münasibətlərindəki rəngi bir qədər tündləşdirir.

İran məsələsi

Üzdə olan informasiyaları, bəyanatları təhlil etsək, görürük ki, ABŞ-nin İrana qarşı mövqeyi İsrailin yanaşması qədər radikal deyil. Ən azından, beynəlxalq hüquqi prosedur ABŞ-nin diqqətində nəzərə alınır: ABŞ İranı dövlət kimi tanıyır və onunla eyni masa arxasında əyləşib ikitərəfli əlaqələrdəki qırılma nöqtələrini təmir etməyə çalışır.

İsrailin mövqeyi isə fərqlidir, o, hətta ABŞ ilə İran arasındakı nüvə danışıqlarını sabotaj edir, düşünür ki, razılıq əldə olunsa, Tehranı yığıb-yığışdırmaq mümkün olmayacaq. Düzdür, İran ABŞ-İsrail müttəfiqliyinin ortaq rəqibidir, lakin Vaşinqtonla Təl-Əvivin həmin rəqibi çökdürmək üçün planları fərqli formadadır.

Ona görə də İranla İsrailin münaqişələrdə iştirakı bir-birlərinə qarşılıqlı zərbə endirməyə gətirib çıxarsa, bu, ABŞ üçün regional alovlanmanı qeyd edəcək qorxulu ssenariyə çevriləcək.

Daxili məsələ

İsraildə məhkəmə-hüquq islahatlarına qarşı aksiyalar keçiriləndə ABŞ Təl-Əvivə ənənəvi insan hüquqları mövzusunu qabardaraq çağırış etdi. İsrail hökuməti isə Vaşinqtona öz yerini göstərdi, “sən bizim işlərimizə qarışa bilməzsən” mesajını Ağ Evin rəfinə sığdırdı.

Düzdür, bu cür hallar ABŞ ilə İsrail əlaqələrini korlamır, ancaq Yaxın Şərq coğrafiyasındakı odun üstünə benzin töküləndə Vaşinqton beynəlxalq genişlənmə siyasətinin cövhərini Təl-Əvivə xatırlatmalı olur.

Bu xatırlatmalar belə, İsraili Qəzza zolağını bombardman etməkdən çəkindirmir, çünki Təl-Əviv yaxşı başa düşür ki, Vaşinqtonun məqsədi, sadəcə olaraq, münaqişəni idarə etməkdir.

ABŞ hesablayır ki, İsrail Qəzza zolağında quru əməliyyatlarını genişləndirsə, münaqişənin regional sıçrayışları sürətli bir vəziyyətə gələ bilər. Bu ssenari ABŞ üçün məqbul deyil. Çünki ABŞ indi konfliktlərin genişlənib strateji dərəbəylik səviyyəsinə qalxmasına yox, mövcud münaqişələrin limitli inkişafında maraqlıdır.

Belə bir məqamda Qəzzadakı mühasirə və humanitar böhranın hər gün daha da pisləşməsi ABŞ-nin beynəlxalq gündəlikdəki insan hüquqları narrativləri ilə genişlənməsinə stimul verir.

Ancaq İsrail-Fələstin hərbi eskalasiyasının Livan, Suriya və İraqa yayılan riskləri, İranla daha genişmiqyaslı toqquşma potensialı ABŞ üçün çətinliklər vəd edir.

ABŞ-nin davranış modelindəki ehtiyatlılıq Çinin regionda qüdrət formalaşdırmaq səyləri ilə əlaqəlidir. Ağ Ev düşünə bilər ki, regional münaqişələrin yüksəksəviyyəli hərbi eskalasiyası ABŞ-nin maraqlarını ucuzlaşdıra, Çin strateji genişlənməsini isə bahalaşdıra bilər.

Bu mənada ABŞ-də narahatlıqların artması başadüşüləndir, proqnozlaşdırmaq mümkündür ki, ABŞ münaqişələrin öz istədiyi formada inkişaf etməsi, lakin nəzarətdən çıxacaq səviyyəyə çatmaması üçün formullar tapmağa çalışacaq.

ABŞ İsrail-Livan və İsrail-Suriya sərhədlərinin çox dəyişkən mühitlərində strateji müqavimət oxu yaratmaq ideyalarını inkişaf etdirəcək. Lakin qəfil risklərə yaxalanma ehtimalları olduğundan Çinin ABŞ-ni ötmək potensialları çoxala bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir