Dünya

HƏMAS-İsrail toqquşmaları: Beş söz sahibinin yanaşmaları – TƏHLİL

Sharing is caring!


Yaxın Şərqdə İsrail-Fələstin hərbi eskalasiyasının bu zamana qədər misli görünməmiş zirvəyə yüksəlməsi fonunda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları diqqət çəkir.

ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa – bu beş dövlətin Yaxın Şərq üzrə maraqları BMT TŞ-nin oktyabrın 24-də keçirilən iclasında bir daha nümayiş olundu.

Bu, Yaxın Şərqdəki münaqişə ocağının üzərinə su səpmək əvəzinə onu daha da qızışdırmaq üçün tezislərin amiranə səsləndiyi müstəvi idi. Beş oyunçunun maraqlarını konseptual formada qeyd etməyə çalışaq.

ABŞ-nin mövqeyi

Məsələ burasındadır ki, BMT TŞ-nin beş “qaymağı” münaqişənin ikidövlətli həllini dəstəkləyir, ancaq konfliktin necə idarə edilməsi və onun gələcəkdə strateji aktivlərə təsiri problemli məsələ olaraq qalır.

ABŞ münaqişədə digər oyunçulara risk yaradaraq qabağa çıxıb sülhpərvər (?) missiya həyata keçirməkdə israrlıdır. Vaşinqton İsrailə xatırlatmaqda və əyani göstərməkdə maraqlıdır ki, onsuz regionda sülh çətiri açmaq müşkül məsələdir.

Ancaq Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda ABŞ xeyli strateji risklərlə üzləşir, Yaxın Şərq meydanının bir neçə cinahında məğlubiyyət qorxusu yaşayır.

ABŞ buna görə də münaqişənin həlli variantını monopoliyada saxlamaq istəyir. Ağ Evin Qəzza zolağında milyonlarla insanı xilas etmək üçün humanitar fasilə tələb edən BMT TŞ-nin qətnaməsini rədd etməsi onun konflikti necə tənzimləmək motivlərini gün işığına çıxarır.

Rusiyanın yanaşması

Rusiya üçün Yaxın Şərq meydanının İsrail-Fələstin cinahında vəziyyətin qızışması göydəndüşmə fürsət oldu. Ona görə ki, İsrail-Fələstin qarşıdurması Qərbin Ukrayna üçün elan etdiyi sarsılmaz dəstək xəttini qırır və beləcə, onun diqqəti Ukraynadan yayınır. Rusiya Ukraynaya dəstək məqsədilə yaradılmış beynəlxalq səyləri dağıdıb dünyanın qalan hissəsində nəzarəti gücləndirmək mövqeyinə diqqət ayırır.

Rusiya da perspektiv rıçaqlara çıxış üçün İsrail-Fələstin münaqişəsinin həllində əsas moderator olmaq ehtirasını nümayiş etdirir.

Rusiya istəklərinə çatmaqda qlobal oyunçulardan Çin, regional aktorlardan isə Türkiyə və İranı daimi əsaslarla yanında görmək üçün onları həvəsləndirir. Ankara isə Moskva ilə yaxşı əlaqələrə malik olsa da, o, NATO-nun açıq və gizli genişlənmə siyasətinin həlledici regional aparatıdır.

Böyük Britaniya

Böyük Britaniya qlobal ali məqsədlərinə çatmaqdan ötrü ABŞ-nin beynəlxalq qüdrətindən geninə-boluna yararlanır.

Britaniya üçün səbəblər deyil, nəticələr daha məqsədəuyğundur. Böyük Britaniya təhlükəsizliyi və kommersiya maraqları üçün Yaxın Şərqin strateji inşasına çalışır.

Britaniya əhəmiyyətli şəkildə keçidlər etməkdən ötrü Yaxın Şərqdə təhlükəsizliyi qlobal neft tədarükünü təmin etməyə xidmət edəcək səviyyədə qurmaq əzmini qeyd edir.

Bu işdə Britaniyanın əsas tərəfdaşı ABŞ-dir, hərçənd, düşünmək üçün əsaslar mövcuddur ki, Londonun Türkiyə kimi gizli tərəfdaşı da mövcuddur…

Fransa

Fransanın da münaqişə ilə bağlı mövqeyi ikidövlətli həll prinsipinə söykənir. Ancaq Fransa faktiki mövqelərini dəqiqləşdirməlidir. O, bir tərəfdən ABŞ-Böyük Britaniya ikilisinin beynəlxalq aləmdə təzyiqlərinə məruz qalır, digər yandan Rusiya ilə üzləşdiyi rəqabətlərdə balansını artırmağa həvəs göstərir.

Fransa Prezidenti Emmanuel Makronun İsrail və Fələstinə səfər etməsinin arxasında Parisin regionda güc sahibi olmaq ehtirası dayanır.

Makron, mümkündür ki, İsrail-Fələstin konflikti ilə əlaqədar regional mövqeyini qaldırmaq üçün tənzimləmə planını qoltuğuna vuraraq regiona gəlmişdi. Hərçənd ki, Fransa Fələstinlə münasibətlərdənsə nüvə dövləti olan İsraillə sövdələşmə ruhunu inkişaf etdirəcək.

Çin

HƏMAS-la İsrail arasında toqquşma şiddətləndikcə, Çinin strateji mövqeləri yaxşılaşır. Çinə görə, ABŞ Yaxın Şərqdəki şansları əlindən verib və bu, imkan yaradır ki, Pekin münaqişəli məsələlərin yerbəyer edilməsinə öz nəfəsini versin. ABŞ-nin məlum veto məsələsi onun İsrailə sarsılmaz dəstəyindən çox, Çinlə olan unikal rəqabətini göstərir.

Çin isə rəsmi və qeyri-rəsmi irəliləyişini elə şəkilləndirir ki, Vaşinqtonun maraqlarının sıxışdırılması ABŞ-də daxili narazılıqların yüksəlişi ilə müşayiət olunsun. Bu, Rusiyanı da Çinin oynadığı ip üstünə çıxarır…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir