Dünya

Sankt-Peterburqda bloqer dəstəsinin üzvləri həbs olunub

Sharing is caring!


Sankt-Peterburqda (Rusiya) şəhərin cənubunda təsadüfi yoldan keçənləri döyən, öz etdiklərini lentə alan və videonu internetə yerləşdirən bloqer dəstəsinin üzvləri həbs ediliblər.

Bu barədə cümə günü, oktyabrın 20-də “Telegram” kanalında Sankt-Peterburq şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Belə ki, Sankt-Peterburqun Krasnoselsk Rayon Məhkəməsi “azərbaycanlı mafiyası”nın iki üzvünü həbs edib. Onlar dekabrın 17-dək həbsdə qalacaqlar.

Onlardan biri, yetkinliş yaşına çatmamış Emil Xalayev qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən xuliqanlıq etməkdə ittiham olunub. O, öz günahını etiraf etməyib. Məhkəmə Xalayevin qardaşını da  eyni müddətə istintaq təcridxanasına yerləşdirib. O da həmçinin, öz günahını etiraf etməyib. Onların atası iclasda olub və azyaşlıların onun nəzarətinə verilməsini istəyib.

Eyni zamanda Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi daha bir dəstə üzvü Seymur Muxtarovu həbs altına göndərib. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (“Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması”) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. Ona ittiham irəli sürülməyib. O da həmçinin, dekabrın 17-dək istintaq təcridxanasında qalacaq.

Döyülmədə iştirak etdiyi iddia edilən digər beş nəfər – İvan Alekseyev, Amin Həsənov, Ruslan Məmmədov, Sənan Əsgərov və Sübhan Comərdli də bir gün əvvəl Moskva Şəhər Məhkəməsi tərəfindən inzibati qaydada həbs ediliblər.

Onlara qarşı küçədə insanların çox olduğu yerlərdə nümayişkaranə və yüksək səslə nalayiq sözlər işlətməklə xırda xuliqanlıq etdiklərinə dair protokollar tərtib edilib.

Məhkəmə daha iki azyaşlı şübhəli – Eynulla Dəmirov və Elmir Atakişiyevi miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı müvəqqəti saxlama təcridxanasına göndərib.

Xatırladaq ki, dəstə barədə oktyabrın 15-də məlum olub. Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İstintaq Komitəsinin Sankt-Peterburq şöbəsinin rəhbəri vəzifəsini icra edən Oleq Bobkova bu vəziyyətlə bağlı hesabat təqdim etməyi tapşırıb.

Ertəsi gün Rusiya İstintaq Komitəsinin regional rəhbəri naməlum şəxslərin şəhər sakinlərinə hücumundan sonra cinayət işinin başlandığı barədə məlumat verib. İstintaqın məlumatına görə, Azərbaycan Respublikasında anadan olmuş 17 yaşlı şəxs xuliqanlıq məqsədi ilə zor tətbiq edərək, yoldan keçən naməlum şəxsə hücum edib və ictimai yerdə dava salıb.

Həmin gün şübhəlilərin cinayət yoldaşı 18 yaşlı Rusiya Federasiyası vətəndaşı yaşadığı ünvanda saxlanılıb.

Oktyabrın 17-də polis daha beş dəstə üzvünü saxlamağa nail olub.

Mənbə: “İzvestiya” qəzeti (Rusiya)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir