Dünya

İlk etnik təmizləmə: Balkanlarda, yoxsa Ermənistanda?

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Azərbaycanla diplomatik mübarizəni “etnik təmizləmə” platformasına daşımaq Ermənistanın xarici siyasətinin başlıca elementinə çevrilib. “Blokada”, “yeni genosid”, “humanitar böhran” iddiaları üzərində qurulmuş kampaniyası nəticəsiz qalan İrəvan ermənilərin Qarabağdan könüllü köçünü Avropanın parlamentar institutlarında və bir sıra ölkələrin qanunverici orqanlarındakı lobbisi vasitəsilə “etnik təmizləmə” prizmasından təqdim edir. Bununla paralel, iddialar BMT-nin Beynəlxalq Məhkəməsində də qaldırılır. Artıq Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında bu məzmunlu qətnamələr də qəbul edilib. Birincidə Azərbaycanı sanksiyalarla, ikincidə isə 2024-cü ilin ilk sessiyasında üzvlükdən uzaqlaşdırmaqla təhdid etdilər.

Klassik tərifə müraciət etsək, etnik təmizləmə müəyyən ərazidən bu və ya digər etnik qrupa mənsubiyyətə görə əhalinin qovulmasına yönəlmiş məqsədyönlü siyasətdir. Son üç ildə Bakının yerli erməniləri Azərbaycanın hüquqi məkanına reinteqrasiya cəhdləri “etnik təmizləmə”ni nəzərdə tutan planlı və məqsədyönlü siyasətinin olması barədə iddiaları rədd edir. Ermənilərin köçü hərbi əməliyyatlarla müşayiət olunmayıb, antiterror tədbirləri sırf hərbi obyektləri hədəf alıb və heç bir yaşayış məntəqəsinə zərbələr endirilməyib. Qısa müddətlə yekunlaşıb və yalnız 4 gündən sonra əhalinin Ermənistanla sərhədə doğru axınına start verilib. Bu müddət ərzində Azərbaycan Prezidenti yerli ermənilərə ünvanlanmış xüsusi müraciətində din, təhsil, iqtisadi fəaliyyət, bələdiyyə idarəçiliyi təminatları ilə çıxış edib. Köç prosesinin özü beynəlxalq və yerli medianın müşahidəsi ilə baş verib. Bütün bunlar zorakı və məqsədyönlü deportasiya iddialarını alt-üst edir.

Bununla yanaşı, beynəlxalq nəzəriyyədə emiqrasiya və deportasiyaya məcburetmə tədbirləri də etnik təmizləmə kimi qəbul edilir. Çox güman ki, İrəvanda məhz bu məqama ümid edilər. Erməni təbliğatı hələ 19-20 sentyabr antiterror tədbirləri ərəfəsində Azərbaycanı Qarabağda “etnik təmizləmə” həyata keçirməyə hazırlaşmaqda suçlayırdı. Ancaq erməni əhalisinin nümayəndələrinin Prezident Administrasiyası vasitəsilə bir neçə dəfə görüşə dəvət edilməsi, üstəlik, gələcək reinteqrasiya addımlarının beynəlxalq müstəvidə – Avropa Şurası prezidentinin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin müzakirə obyekti olması bu arqumenti də neytrallaşdırır.

“Etnik təmizləmə” termini dövriyyəyə “genosid”ə nisbətən daha gec daxil olub. Hesab edilir ki, bu ifadənin siyasi leksikonda işlədilməsi ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş Balkan müharibəsi ilə əlaqədardır. Əsas kimi serb-xorvat dillərindən əxz olunmuş “etničko čišćenje/етничко чишћење” götürülür. Ötən əsrin sonlarında keçmiş Yuqoslaviyada alovlanmış vətəndaş müharibəsi illərində bu termin xüsusilə populyar idi və adətən bu və ya digər münaqişə tərəfinin müəyyən ərazini ələ keçirməsi fonunda “ərazinin təmizlənməsi” (čišćenje terena/чишћење терена) ilə paralel istifadə edilirdi. Beynəlxalq medianın və problemlə məşğul olan ekspert cəmiyyətinin da sözügedən ifadəni tədavülə daxil etmələri onun beynəlxalq status almasına doğru yol açdı.

Burada diqqət yetirilməsi vacib olan məqam var. Müasir tarix və politologiya elmləri tarixdə baş vermiş yüzlərlə hadisəni etnik təmizləmə kimi klassifikasiya edir. Məsələn, bəziləri bu qənaətdədir ki, ilk etnik təmizləmə faktı yəhudilərin eramızın 70-ci illərində yaşadıqları yerlərdən qovulmasıdır. “Wikipediya”da etnik təmizləmə bir neçə mərhələdə qruplaşdırılır: qədim tarixdə, müstəmləkəçiliklə bağlı və müasir dövrdə etnik təmizləmə. Müasir dövrü çıxmaq şərtilə digər iki halda müharibələr nəticəsində baş verən xalqların köçü və ya yerdəyişməsinə bu rakursdan baxmaq ən azı ona görə qüsurludur ki, o vaxt insan haqları, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq haqqında düşüncələr aktual deyildi. Atilla hunların həmlələri ilə baş vermiş “xalqların köçü” nəticəsində hazırkı Avropanın sərhədlərinin müəyyən olunmasında tarixi rol oynamış sərkərdədir və onun metodları humanizmdən çox uzaq idi. Ancaq indi heç kim onu xalqların “etnik təmizlənməsi”ndə günahlandırmır. 

Bu baxımdan, etnik təmizləmə anlayışının tarixinə varmaq istəyiriksə, mütləq halda müasir dövrü nəzərə almalıyıq. Belə isə olduqca maraqlı mənzərə formalaşır. “Etnik təmizləmə” bir termin olaraq beynəlxalq leksikona 1992-ci ildə, yəni Balkan münaqişəsindan irəli gələrək daxil olubsa, eyni hadisələrin, yəni faktiki olaraq bir xalqın zorla öz yaşayış yerindən kütləvi deportasiya edilməsi faktı bundan 4 il əvvəl Ermənistanda qeydə alınıb. Bu gün Qarabağ müharibəsinin bitməsi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə ötən əsrin 80-ci illərinin sonlarında indiki Ermənistanda baş vermiş və faktiki olaraq monoetnik dövlətin yaranması ilə sonuclanmış prosesi daha soyuq başla analiz etmək üçün şərait yaranıb. Bu, keçmiş sovetlər ərazisində bu qəbildən olan ilk nümunədir. SSRİ-nin süqutu artıq heç kimdə şübhə doğurmadığından dövlət institutlarının fəaliyyətsizliyi fonunda və dəstəyi ilə aqressiv millətçiliklə müşahidə olunan və gələcək müstəqil Ermənistan üçün monomilli plasdarmın yaradılmasına hesablanmış əməliyyat etnik təmizləmə deyil nədir? Problem sadəcə bundadır ki, Ermənistandakı hadisələr dünyaya qapalı dövlətdə baş verirdi, keçmiş Yuqoslaviyadakılar isə Avropanın mərkəzində. NATO-nun “Varşava müqaviləsi”nin ən böyük ölkələrindən birinin parçalanmasından gözləntiləri fonunda orada baş verənlərin beynəlxalq ictimaiyyətin rəyini alması problemin ən asan tərəfi idi.

Müasir Ermənistandan azərbaycanlıların zorla qovulması kütləvi qətllərlə müşayiət olunub və ittifaq daxilində bir xalqın digər xalqı yaşayış ərazisindən sıxışdırıb çıxarmasına dair tutarlı faktdır. Ermənilərin azərbaycanlıları keçmiş Ermənistan SSR-dən qovmaları və Azərbaycan ərazilərinin işğalı ərəfəsində arxa cəbhəni təmizləmələri ittifaqdaxili bir müttəfiq respublikanın ərazisindən iri etnik azlığı arzuolunmaz element kimi sıxışdırıb çıxarması halıdır. Yeri gəlmişkən, Yuqoslaviya da SSRİ prinsipi ilə formalaşmış ittifaq idi və serblərin boşnakalara, yaxud xorvatlara qarşı davranışlarının ermənilərin azərbaycanlılara etdikləri ilə heç bir fərqi yox idi. Belədirsə, nədən Balkanlarda baş verənlər etnik təmizləmə sayılır, Ermənistanda törədilənlər isə kölgədə qalır?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir