Dünya

Ər-Riyadda Azərbaycan – Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib – FOTO

Sharing is caring!


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentliyin nümayəndələri və Azərbaycan iş adamları Səudiyyə Ərəbistanında işgüzar səfərdə olublar.

Səfər çərçivəsində Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib. İşgüzar Şuranın budəfəki iclası tikinti sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əməkdaşlığına və investisiya qoyuluşu imkanlarına həsr olunub. Tədbirdə KOBİA-nın, Səudiyyə Ərəbistanı Palataları Federasiyasının və digər qurumların nümayəndələri, hər iki ölkədən tikinti sektorunda fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir və məşğulluğun təmin edilməsi baxımından kənd təsərrüfatı və ticarətdən sonra 3-cü əsas sektordur. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.

İşgüzar Şuranın həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil isə şuranın növbəti iclasının Ər-Riyadda keçirilməsindən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib, səfərin və şura çərçivəsində aparılan müzakirələrin hər iki ölkənin iş adamları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən tədbirlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir