Dünya

Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan ard-arda atdığı səhv addımlarla ölkəsini çətin duruma salıb. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra bilməyən rəsmi İrəvan Rusiya və İranla da gərginlik yaşayır. Hətta bəzi ekspertlər Ermənistan dövlətçiliyinin məhv olacağı barədə siyasi analizlər verməkdən də çəkinmirlər.

2020-ci il müharibəsindəki acı məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan atdığı səhv addımlarla həm erməni xalqını, həm də dövləti uçuruma aparır. Təsadüfi deyil ki, ötən həftəsonu Ermənistanda keçirilən sorğularda yerli sakinlər özlərini təhlükəsiz hiss etmədiklərini, günahı isə birbaşa Nikol Paşinyanda gördüklərini qeyd ediblər.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqalə dərc edib.

Rusiyanın orbitindən çıxma cəhdi

Uzun müddətdir baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri daha da gərginləşdirərək qopma həddinə gətirib. İstər Roma Statutunun Ermənistan parlamentində ratifikasiyası, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina, istərsə də təhlükəsizlik məsələsində Fransaya sığınma cəhdi rəsmi Moskvada birmənalı qarşılanmır. Rusiyanın rəsmi qurumları bəyanatlarında Ermənistanı müttəfiq və dost ölkə adlandırsalar da, Roma Statutunun ratifikasiyası və Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə bol-bol foto çəkdirməsi rəsmi Moskva tərəfindən qeyri-dost addım adlandırılıb. Bu isə münasibətlərin daha da gərginləşməsindən xəbər verir. Hətta bəzi rusiyalı ekspertlər Ermənistan dövlətçiliyinin məhv olacağı barədə siyasi analizlər verməkdən də çəkinmirlər.

Larsda ilişən erməni konyakı

Təbii resurslar baxımından kasıb, iqtisadiyyatı sıfır səviyyəsində olan Ermənistanın əsas ticarət tərəfdaşı məhz Rusiyadır. Münasibətlərdəki gərginlik erməni konyak istehsalçılarını çətin vəziyyətə salıb. Ermənistanda istehsal edilən konyakın 95 faizi Rusiyaya ixrac edildiyi halda, artıq uzun müddətdir Lars keçid məntəqəsində 100 yük maşını ilişib qalıb. Bu isə milyonlarla dollar deməkdir və Rusiya tərəfi müxtəlif bəhanələrlə yüklərin keçidini ləngidir. Bir yük maşınının bir gün gecikməsi sahibkara 1000 ABŞ dollarından baha başa gəlir. Rusiya tərəfi isə yoxlamalar aparıldığını, bu prosedurun 60 günədək davam edəcəyini bildirir. Əslində Rusiya son vaxtlar Fransaya sığınan Ermənistana dərs verir.

Aİİ və Rusiya qazından imtina

Uğursuz nəticələnən və hətta dünyanın aparıcı KİV-ləri tərəfindən Azərbaycan və Türkiyənin iştirakı olmadığı üçün nəticəsiz hesab edilən Qranada görüşündən sonra Ermənistanın siyasi kulislərində Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq və Rusiya qazından imtina kimi söhbətlər dolaşır. 10 ildir Aİİ hesabına iqtisadiyyatını ayaqda tutmağa çalışan Ermənistan üçün bu qurumdan çıxmaq intihara bərabər bir addım kimi qiymətləndirilir. Eyni zamanda, rus qazından imtina da Ermənistan üçün faciəvi nəticələrə səbəb ola bilər. Amma Ermənistanda bunları hesablayacaq siyasi institutun olmadığı hakim partiyanın deputatı Qaqik Melkonyanın açıqlamasından bilinir. Onun sözlərinə görə, Ermənistan istəsə yüz yerdən qaz ala bilər. Borc ucbatından ölkənin dəmir yolunu Rusiyaya peşkəş verən Ermənistan görəsən hansı pul ilə və hansı ölkədən qaz almaq niyyətindədir?

İranla münasibətlərin gələcəyi xoş deyil

Ermənistan hökuməti regionda İrana sığınsa da, atdığı səhv addımlar rəsmi Tehranın da qıcıqalanmasına səbəb olur. İran hələ ki, kəskin bəyanatla çıxış etməsə də, ritorika getdikcə dəyişir. Əvvəlcə Avropa İttifaqı müşahidəçilərinin sərhədə yerləşdirilməsinə rəsmi Tehran “xarici qüvvələrin regionda olması arzuolunan deyil” bəyanatı ilə cavab vermişdi. Sentyabr ayında isə ABŞ hərbçiləri ilə təlimlər münasibətlərə başqa bir kölgə saldı. Bu hadisədən sonra İranın ritorikası bir az da ağırlaşdı. Təsadüfi deyil ki, Azərbaycanın 19 sentyabr tarixində başlatdığı lokal antiterror tədbirlərinə İran rəsmiləri “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatı ilə cavab verdilər.

Hindistanla yol layihəsi

Ermənistan can verən iqtisadiyyatını dirçəltmək üçün regiondakı kommunikasiyaları blokdan çıxarmaq, Zəngəzur dəhlizinin reallaşmasına töhfə vermək əvəzinə, başqa xam xəyallara düşərək daha bir səhv addım atıb. Hindistan, İran və Ermənistan birlikdə yeni dəhliz inşa edərək Avropaya çıxmaq barədə yol xəritəsi hazırlayıblar. Amma hazırladıqları layihə ekspertlər tərəfindən qeyri-ciddi və perspektivsiz hesab edilib. Yəqin elə bu səbəbdəndir ki, layihə bir neçə ildir müzakirə olunsa da, nə Ermənistan, nə İran, nə də Hindistan əlini cibinə salaraq yolların çəkilməsi üçün pul xərcləmək niyyətində deyil. Tərəflər işi bir-birinin üstünə atmaqla kifayətlənirlər. Çünki yolun keçdiyi ərazi dağlıqdır və uzun aylar aramsız qar yağışı səbəbindən keçilməz olur. Eyni zamanda, həmin yol Gürcüstandan da keçməli və Türkiyə ərazisinə çatmalıdır. Gürcüstan və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə aldıqda, bu layihənin reallaşması mümkünsüz görünür.

Ermənistanın atacağı düzgün addım

Ermənistanın can verən iqtisadiyyatını dirçəltmək, regiondakı qlobal layihələrə qoşulmaq üçün atacağı yeganə düzgün addım Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, kommunikasiya xətlərini açmaqdır. Bu, ilk növbədə Ermənistana lazımdır. Azərbaycan və Türkiyənin alternativləri var və istənilən anda bu layihələri Ermənistansız da reallaşdıra bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir