Dünya

“Qarabağ”ın debütant rəqibi: İsveçdə bolqollu qarşılaşma olacaq? – TƏHLİL

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”in qonağı olacaq.

Oxu.Az xəbər verir ki, sözügedən klub 1940-cı ildə yaradılıb. Lakin komanda yalnız 1983-cü ildə ölkə çempionatının ən yüksək liqası olan Allsvenskanda debüt etməyi bacarıb. Buna qədər kollektiv aşağı liqalarda mübarizə aparıb. “Hakken” 2008-ci ildən Allsvenskanın daimi iştirakçısıdır.

Klubun tarixi uğurlarla zəngin deyil. “Hakken” yeganə İsveç çempionluğunu ötən il qazanıb. “Arılar” 30 matçda 64 xal toplayaraq ən yaxın izləyiciləri “Yurqorden”i yeddi xalla üstələməyi bacarıblar. Daha əvvəl isə komanda yalnız bir dəfə – 2012-ci ildə ikinci yeri tutmağı bacarıb. Lakin “Hakken” ölkə kubokunun üçqat qalibidir. “Sarı-qaralar” 2015/16, 2018/19 və 2022/23 mövsümlərində titula sahib çıxıblar.

Höteborq təmsilçisi ev oyunlarını 6 500 azarkeş tutumuna malik “Bravida Arena”da keçirir. Avropa Liqasında isə komanda rəqiblərini 43 min nəfər tutuma malik “Ullevi” stadionunda qəbul edəcək. Lakin arenanın dolacağı ehtimal edilmir. Məlumata görə, “Qarabağ”la oyuna 9-10 min azarkeş gələcək.

“Hakken”in avrokubok təcrübəsi də çox deyil. Klub tarixində ilk dəfə qitəmiqyaslı yarışda qrup mərhələsində çıxış edir. Komanda daha əvvəl yalnız iki dəfə UEFA Avropa Liqasında III təsnifat mərhələsinə qədər irəliləyə bilib. İsveç klubu 2021/12 mövsümündə Portuqaliya “Nasyonal”ına, 2013/14 mövsümündə isə İsveçrə təmsilçisi “Tun”a ilişib.

“Hakken”i norveçli Per-Matias Hoqmo çalışdırır. 63 yaşlı mütəxəssis 2021-ci ilin yayından komandanın “sükanı arxası”ndadır. O, baş məşqçi kimi hər iki titulunu məhz hazırkı iş yerində qazanıb – İsveç çempionluğu və ölkə kuboku.

“Transfermarkt” portalına görə, komandanın ümumi dəyəri 26 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, “Qarabağ”ın oyunçuları 13,70 milyon avro olaraq dəyərləndirilirlər. “Hakken” heyətinə görə İsveçdə yalnız “Malmö”dən geri qalır (31,35 milyon avro).

Komandada 20 əcnəbi oyunçu var. Onlardan altısı həm də İsveç vətəndaşıdır. İslandiyalı Valgeir Lunddal, tunisli Amor Layouni və Ali Youssef, isveçli Samuel Qustafson, yamaykalı Bler Turqott və zambiyalı Edvard Çilufya ölkələrinin milli komandalarında çıxış edirlər. Qustafson həm komandanın kapitanı, həm də ən dəyərli iki oyunçusundan biridir. Onun transfer qiyməti 2,5 milyon avrodur. Kot-d’İvuardan olan Amano Romeonun da dəyəri bu qədərdir. Bu baxımdan üçüncü pillədə Samuelin əkiz qardaşı Simon qərarlaşıb. Onun transfer qiyməti iki milyon avrodur.

“Hakken” Hoqmonun rəhbərliyi altında daha çox 4-3-3 taktiki sxemi ilə oynayır. Mütəxəssis nadir hallarda 4-2-3-1 və 4-4-2 sistemlərinə də üz tutur.

Komanda açıq futbola üstünlük verir: həm özü hücum edir, həm də rəqibin oynamaq şansı olur. Təsadüfi deyil ki, hazırda İsveç çempionatında 25 turdan sonra 50 xalla üçüncü olmasına baxmayaraq, “Hakken” ən çox qol vurmağı bacaran kollektivdir. “Arılar” 57 dəfə rəqib qapısının torunu silkələməyi bacarıblar. Eyni zamanda, komanda 30 qol buraxıb ki, bu da yüksək rəqəm hesab olunur.

“Hakken”in ən təhlükəli silahı Eduard Çilufyadır. Sağ vinger Danimarka “Norşellan”ından icarəyə götürülüb. Eyni zamanda, Amur Layuni yaxşı mövsüm keçirir. 18 yaşlı Mamadu Lamin Sonko isə komandanın gələcəyi hesab edilir və tez-tez şans qazanır.

“Hakken”in cinahları da, mərkəz xətti də kifayət qədər güclüdür. Komanda rəqiblərinə sürətli və yaradıcı futbol təklif edə bilir. Lakin müdafiənin mərkəzində problemlər var. “Qarabağ”ın fərdi keyfiyyətləri yüksək olan oyunçuları bu komandaya problem yarada bilərlər.

Ağdam təmsilçisinin “Hakken” qarşısında əsas üstünlüyü təcrübəsidir. Eyni zamanda, rəqibin qapanmaması, hücum etməyə çalışması Azərbaycan çempionunun işinə yaraya bilər. Qurban Qurbanovun komandası müdafiəyə oturan rəqiblərə qarşı hər nə qədər çətinlik çəkirsə, açıq oyun göstərənlərlə görüşdə özünü bir o qədər rahat hiss edir. İki gün sonra İsveçdə bolqollu qarşılaşma ola bilər. Əslində, bu, “Qarabağ”a o qədər də sərf etməyəcək. İlk görüşdə uduzduğundan “Hakken” irəli atılacaq. Qurban Qurbanov taktikanı məhz buna uyğun qurmalıdır. Rəqibi səhvə məcbur etməkdən daha çox, rəqibin səhvini gözləmək uğurlu gediş olardı. Hər nə qədər “Molde” ilə qarşılaşma “atlılar”ın hücum baxımından formaya düşdüyünü göstərsə də, Skandinaviya ölkəsində təmkinli futbol daha effektiv nəticə verə bilər.

Xatırladaq ki, qrup mərhələsinin ilk turunda “Qarabağ” Bakıda Norveç “Molde”sini minimal hesabla (1:0) üstələyib, “Hakken” isə Almaniyada “Bayer”ə (Leverkuzen) 0:4 uduzub.

Qeyd edək ki, oktyabrın 5-i “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir