Dünya

ÇL-də qrup mərhələsi: “Mançester Siti” və “Barsa”nın hegemonluğu, “ölüm qrupu”nda kim “sağ qalacaq”? – TƏHLİL

Sharing is caring!


UEFA Çempionlar Liqasında (ÇL) 2023/24 mövsümünün qrup mərhələsinə start verilir.

Oxu.Az-ın məlumatına görə, I turun oyunları sentyabrın 19-da və 20-də keçiriləcək.

Bu mövsüm turnirin əsas mərhələsi sonuncu dəfə qrup formatında təşkil olunacaq. Növbəti mövsümdən ÇL adına uyğun olaraq liqa formatına keçəcək.

Qrup mərhələsi öncəsi komandaların şansları necədir?

Öncə qısaca onu qeyd edək ki, bukmekerlərin fikrincə, turnirin əsas favoriti, kubokun son sahibi “Mançester Siti”dir. “Bavariya” və “Real Madrid” növbəti favoritlərdir. Turnirin qalibi olmağa ən az iddiası olanlar isə “Kopenhagen”, “Antverpen”, “Yanq Boyz”, “Seltik” kimi komandalar hesab edilir.

Hələ start ərəfəsində olduğumuzu və qış transfer pəncərəsi zamanı da komandaların heyətində ciddi dəyişikliklərin baş vermə ehtimalını, eyni zamanda ÇL-in özünəməxsusluğunu nəzərə aldıqda hesab edirik ki, indidən gələn ilin iyununda keçiriləcək finalda nələrin baş verəcəyi barədə danışmaq üçün çox tezdir. Lakin qrup şanslarından bəhs etmək olar.

A qrupu: “Bavariya” (Münhen, Almaniya), “Mançester Yunayted” (Mançester, İngiltərə), “Kopenhagen” (Kopenhagen, Danimarka), “Qalatasaray” (İstanbul, Türkiyə)

A qrupu klassik “Bavariya” – “Mançester Yunayted” duellərinə səhnə olacaq. Futbol qurmanları bu komandaların turnirin 1999-cu ildəki final matçını yaxşı xatırlayırlar. Həmin həlledici qarşılaşmanın altıncı dəqiqəsində Mario Bazler münhenliləri hesabda irəli keçirsə də, 90+1-ci dəqiqədə Teddi Şerrinqem, iki dəqiqə sonra Ole-Qunnar Sulşerin qolları ilə “qırmızı şeytanlar” möhtəşəm geridönüş edərək, ikinci dəfə kuboku muzeylərinə aparmışdılar.

Qrupda əsas mübarizənin də bu iki komanda arasında gedəcəyini gözləmək olar. Hazırda “Bavariya” lider olmağa daha şanslıdır. “Mançester Yunayted” İngiltərə Premyer Liqasında mövsümə uğursuz başlasa da, “mankunyanlar”ın ÇL ənənələri asan təslim olmayacağı anlamına gəlir.

Azərbaycanlı azarkeşlərin böyük maraq göstərdiyi “Qalatasaray”ın növbəti mərhələyə yüksəlmək ehtimalı az qiymətləndirilir.  Lakin İstanbul təmsilçisinin heyətinin potensialı yüksəkdir. Komanda çətin də olsa, sürpriz edə bilər. Xüsusən, “Mançester Yunayted”in qeyri-stabilliyindən istifadə etmək olar.

“Kopenhagen” isə bu qrupun ən zəifidir. Düzdür, Danimarka çempionunun xal qazanmaq ehtimalı var, ancaq mütəxəssislər komandanın sonuncu olacağını düşünürlər.

B qrupu: “Sevilya” (Sevilya, İspaniya), “Arsenal” (London, İngiltərə), PSV (Eyndoven, Niderland), “Lans” (Lans, Fransa).

Burada favorit “Arsenal”dır. Hər hansı komandanın onlara ciddi rəqabət göstərəcəyi inandırıcı deyil. B qrupunda əsas mübarizə ikincilik uğrunda gedəcək. “Sevilya”, “Lans” və PSV eyni dərəcədə bu mövqeyə iddia edə bilərlər. İspaniya klubu əvvəlki əzəmətindən xeyli uzaq görünür. Ola bilsin ki, bu komanda elə üçüncü yeri tutub yenidən sevimli Avropa Liqasına yollansın. “Lans” və PSJ-yə gəlincə, onları daha çox təcrübə ayırır. Niderland klubu bu turnirin daimi iştirakçılarındandır. “Lans” isə əlinə düşən fürsətdən maksimum istifadə etməyə çalışacaq. PSV bu qrupda ikinci pilləyə daha yaxın tərəf kimi görünür. Təbii ki, “Sevilya” toparlana bilməsə.

C qrupu: “Napoli” (Neapol, İtaliya), “Real Madrid” (Madrid, İspaniya), “Braqa” (Braga, Portuqaliya), “Union” (Berlin, Almaniya).

Qrupda favorit turnirin qalibi olmaq üzrə rekordçu “Real Madrid”dir. Əgər ötən mövsüm olsa, “Napoli”nin zirvə yarışında “kral klubu”na rəqabət təklif edəcəyini söyləmək olardı. Lakin son İtaliya çempionu bu mövsüm özünə bənzəmir. Ya da ən azı keçən mövsümkü performasından uzaqdır. Naepollular qrupda ikincilik mübarizəsi aparmalıdırlar. Rudi Qarsiyanın komandasının əminliklə ikinci olacağını demək də olmur. “Braqa” və “Union” bu mövqe uğrunda mübarizə aparacaqlar. Güman ki, qrupda ikinci yerin sahibi sonuncu turda müəyyənləşəcək. Ancaq “Napoli”, əlbəttə, daha şanslıdır.

D qrupu: “Benfika” (Lissabon, Portuqaliya), “İnter” (Milan, İtaliya), “Zaltsburq” (Zaltsburq, Avstriya), “Real Sosyedad” (San-Sebastyan, İspaniya).

C qrupu barədə yazılanları böyük ölçüdə bura da aid etmək olar. “İnter” favoritdir. Lakin “Real Madrid”dən fərqli olaraq bu komanda işləri özü üçün çətinləşdirməyi “bacarır”. Qeyri-adi bir şey baş verməsə, Çempionlar Liqasının son finalçısı lider kimi mərhələ adlayacaq. İkinci yerə isə “Benfika” və “Real Sosyedad” daha iddialıdırlar. Onların arasında isə Portuqaliya klubu şanslıdır.

E qrupu: “Feyenoord” (Rotterdam, Niderland), “Atletiko” (Madrid, İspaniya), “Latsio” (Roma, İtaliya), “Seltik” (Qlazqo, Şotlandiya).

Burada komandaların güc nisbəti daha yaxındır. Lakin “Atletiko” digərlərindən daha güclü görünür. “Seltik”in şansı az qiymətləndirilirsə, “Feyenoord” və “Latsio” ikinci yer uğrunda son ana qədər mübarizə aparacaqlar. Roma klubu mövsümə zəif başlayıb, ancaq ötən mövsümkü formanı yaxalamağı bacarsalar, qrupdan çıxacaqlar. “Feyenoord”un 1/8 finala yüksəlməsi isə qətiyyən gözlənilməz hesab edilməyəcək.

F qrupu: PSJ (Paris, Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Milan” (Milan, İtaliya), “Nyukasl” (Nyukasl-apon-Tayn, İngiltərə).

F qrupu mövsümün “ölüm qrupu”dur. Burada favorit hesab edilən PSJ-nin pley-offa adlaya bilməməsi, belə sürpriz hesab edilməməlidir. “Nyukasl” təcrübəsinə görə digərlərindən geri qalsa da, heç bir halda asan təslim olmayacaq. Komandanın keçən mövsümkü nəticələri və bu mövsümə yaxşı startı belə düşünməyə əsas verir. Bu qrupda sıralamanı komandaların oyun günlərindəki konkret performansı müəyyənləşdirəcək. Kağız üzərində PSJ daha şanslı, “Nyukasl” ən az şanslıdır. “Borussiya” – “Milan” qarşılaşmaları isə əsl “qanlı savaş” olacaq. “Ölüm qrupu”nda “öləcək” komandalar ümumən turnir üçün itki olacaqlar.

G qrupu: “Mançester Siti” (Mançester, İngiltərə), “Leypziq” (Leypziq, Almaniya), “Srvena Zvezda” (Belqrad, Serbiya), “Yanq Boyz” (Bern, İsveçrə).

Bu qrupda hər şey “Mançester Siti”nin ürəyincə olmalıdır. “Şəhərlilər”in qrup mərhələsini maksimum nəticə – 18 xalla başa vurmaq ehtimalı da yüksəkdir. İkinci yerə “Leypziq” daha iddialıdır. Hər halda “Srvena Zvezda” və “Yanq Boyz”un böyük rəqabət təklif edəcəyi gözlənilmir. Onlar daha çox öz aralarında üçüncü yerin – Avropa Liqasına vəsiqənin sahibini müəyyənləşdirməyə çalışacaqlar.

H qrupu: “Barselona” (Barselona, İspaniya), “Portu” (Portu, Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Antverpen” (Antverpen, Belçika).

“Mançester Siti” kimi “Barselona”nın da işi çətin olmamalıdır. Düzdür, “Portu” turnirin təcrübəli komandalarındandır, “Şaxtyor” da zaman-zaman problem yarada bilib. Lakin “Barsa”nın böyük çətinlik yaşamadan qrup lideri olacağı gözlənilir. “Portu” ikinci yerə iddialıdır. Üçüncü yer uğrunda isə “Şaxtyor” “Antverpen”dən güclü olmalıdır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir