Dünya

Anatoli Ponomaryov: “Hekken” çox yaxşı pul qazanır, hücumda da maraqlı futbolçulara malikdir” – FOTO

Sharing is caring!


“Açığı, “Hekken” indi yaxşı komandadır. Kiçik bir klub olsa da, İsveçdə artıq özünü tanıtdırıb”.

Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

Məlumdur ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibləri Almayinanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hekken” klublarıdır. Uzun illərdir İsveçdə yaşayan Anatolinin sözlərinə görə, ”Hekken” uşaq futbolundan çox yaxşı pul qazanır:

“Çünki onlar bütün dünya üzrə gənclər arasında ən böyük turnir keçirirlər. Təmsil etdikləri Göteborq şəhərində hər yay bu turniri keçirirlər. Müxtəlif qitələrdən, müxtəlif ölkələrdən, hətta Braziliya, Argentina kimi futbol ölkələrindən ora komandalar gələrək iştirak edir. Nəticədə bu turnirdən çox böyük məbləğdə pul qazanırlar. Festival kimidir, bütün həftəboyu gedir. “Gothia Cup” adlanır”.

Ponomaryov “Hekken”in kiçik bir klub olmasına baxmayaraq, son mövsümdə çempionluğu qazanmasına da toxunub:

“Hədəfə çox yaxşı düşdülər. Əla oynadılar, necəsə yaxşı komanda yığdılar. Ulduz futbolçuları az idi, amma yaxşı heyətə malik idilər. Gözlənilmədən İsveç çempionu oldular. Bu il də yaxşı, gözəl nəticəni təkrarlayırlar. Üstəlik, hücumda çox yaxşı oynayırlar. Ön xətdə maraqlı futbolçuları var. Cəld, sürətli, texnikalıdırlar. Yaxşı kombinasiyalı hücumlar qururlar. Bir sözlə, maraqlı, çox maraqlı futbol oynayırlar. Deyərdim ki, heç də zəif deyil, normal komandadır”.

Veteran futbolçu “Qarabağ”ın bu qrupda ilk 2 yerdən birini tutaraq pley-offa çıxacağına inanır. O, çempionumuzun ilk səfər matçı olacaq İsveçdəki görüşü bir klubda yer aldığı Musa Qurbanlı ilə stadiondan izləmək istəyindədir:

“Musanın vaxtı, sərbəst günü olsa, ola bilər elə birgə oyuna baxmağa getdik. Dediyim kimi, “Hekken” Göteborq təmsilçisidir. Bizim olduğumuz Stokholmdan ora avtomobillə 4-4,5 saatlıq yoldur. Ümid edirəm ki, “Qarabağ” bu qrupda qələbələr qazanaraq Avropa Liqasında çıxışını pley-off mərhələsində davam etdirəcək”.

Xatırladaq ki, 41 yaşlı Ponomaryov Qurbanlının bu yay keçdiyi İsveçin “Yurqorden” klubunda futbol akademiyasında yeni çalışmağa başlayıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir