Dünya

Priqojinin ölümündən sonra onun müttəfiqi sayılan və saxlanılan rusiyalı general barədə qərar verildi – FOTO

Sharing is caring!


Rusiya hakimiyyəti iyun ayında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyanından sonra saxlanılan general Sergey Surovikini azad edib.

Bu barədə iki anonim amerikalı məmur və Rusiya Müdafiə Nazirliyinə yaxın bir şəxsdən məlumat daxil olub.

Priqojinin müttəfiqi sayılan Sergey Surovikin iyun ayında “Vaqner”in Rusiya hərbi rəhbərliyinə qarşı çıxmasından sonra gözdən itib. ABŞ rəsmiləri iddia edirlər ki, general üsyan barədə əvvəlcədən xəbərdar olub. Həmçinin general Surovikin həbsdən azad olunsa da, ona qarşı Rusiya hakimiyyəti tərəfindən hansısa məhdudiyyətlərin olub-olmadığı məlum deyil.

General Sergey Surovikin Priqojinin təyyarə qəzasında ölümündən bir neçə gün sonra azadlığa buraxılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın və adının açıqlanmasını istəməyən şəxs məlumat verib.

Anonim mənbə bildirib ki, general hələlik rütbəsini qoruyub və texniki cəhətdən hələ də hərbi zabit hesab olunur, lakin onun artıq karyera perspektivi yoxdur. Keçən ay isə dövlət xəbər saytları Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin rəhbəri vəzifəsindən rəsmən uzaqlaşdırıldığı barədə xəbərlər yayıb.

Həmçinin general Surovikinin iyun qiyamından sonra ilk dəfə sosial mediada fotosu dərc olunub. Kseniya Sobçak tərəfindən idarə olunan bir xəbər orqanı tərəfindən paylaşılan fotoda general mülki geyimdə və tünd eynəkdə həyat yoldaşı ilə küçədə gəzərkən görüntülənib. Onun hansı küçədə olduğunu isə şəkildən müəyyən etmək çətindir.

“General Sergey Surovikin həbsdən çıxıb. O, sağ-salamatdır, evdə, ailəsi ilə birlikdə, Moskvadadır”, – deyə Sobçakla bağlı “Telegram” kanalında yayılan məlumatda bildirilib.

Həmçinin keçmiş “Exo Moskvı” liberal radiostansiyasına rəhbərlik edən Aleksey Venediktov da generalın evdə ailəsi ilə birlikdə olduğunu yazıb.

“General Surovikin evdə ailəsi ilə birlikdədir. Tətildə və Müdafiə Nazirliyinin sərəncamındadır”, – deyə Venediktov “Telegram” kanalında qeyd edib.

Mənbə: “The New York Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir