Dünya

Priqojinin təyyarəsində nə baş verib: “Flightradar” detalları açıqladı – VİDEO

Sharing is caring!


Sərnişini “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin olan “Embraer Legacy 600” özəl təyyarə 30 saniyəyə 2,4 km aşağı enib, bir neçə saniyə yüksəkliyi saxlasa da, sonradan sürətlə düşüb və qəzaya uğrayıb.

Bu barədə “Flightradar24”ün kommunikasiyalar üzrə direktoru Yan Petçenik xəbər verib.

Onun sözlərinə görə, təyyarə Moskva vaxtı ilə saat 18:19-da kəskin şəkildə enməyə başlayıb və təxminən yarım dəqiqə ərzində 8,5 km hündürlükdən 6,1 km-ə qədər düşüb.

“Hər nə olubsa, çox tez baş verib. Ola bilsin ki, nəsə baş verəndən sonra onlar (təyyarə ilə) mübarizə aparıblar”, – deyə Yan Petçenik bildirib.

O vurğulayıb ki, buna qədər təyyarədə nəsə baş verdiyini göstərən heç bir işarə olmayıb.

Flightradar24.com saytındakı nəşrdə deyilir ki, xidmətin qəbulediciləri “Embraer”dən ilk məlumatları Moskva vaxtı ilə saat 17:46-da alıblar. Saat 18:10-da təyyarə kruiz hündürlüyünə çatıb. Doqquz dəqiqədən sonra təyyarənin şaquli sürəti (vahid vaxtda uçuş hündürlüyünün dəyişməsi) kəskin şəkildə 30 100 futdan 19 725 futa qədər dəyişməyə başlayıb, bu, 32 saniyə ərzində baş verib. Təyyarədən son məlumatlar Moskva vaxtı ilə saat 18:20-də alınıb. Həmin vaxt təyyarə 19 725 fut – təxminən 6 km yüksəklikdə idi.

“Flightradar24” – təyyarə transponder siqnallarına əsaslanan uçuş izləmə xidmətidir. Saytın nəşrində deyilir ki, “Embraer”də uçuş sxemi multilaterasiya (MLAT; uçuş hündürlüyü, sürət, şaquli sürət) ilə bərpa edilib, çünki ADS-B (GPS) transponderlərindən heç bir məlumat gəlməyib. “Flightradar” bunu uçuş zonasında GNSS siqnallarının (GPS, QLONASS və s.) mümkün bloklanması lilə əlaqələndirir.

Xatırladaq ki, avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin Yevgeni Priqojinə məxsus olduğunu göstərir.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin komissiyasındakı mənbədən bildirilib ki, Yevgeni Priqojin və ÖHŞ komandiri Dmitri Utkinin cəsədləri tanınıb, tezliklə genetik müayinə aparılacaq.

O da vurğulanıb ki, təyyarə partladılmış ola bilərdi.

Hazırda Yevgeni Priqojinin ölümünün rəsmi təsdiqi yoxdur.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir