Dünya

CNN Ukrayna dəniz dronlarının Krım körpüsünə hücum anının görüntülərini yayımladı – VİDEO

Sharing is caring!


CNN telekanalı Ukrayna dəniz dronlarının Krım körpüsünə hücumunun videogörüntülərini yayımlayıb.

Videoyazı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilib.

Kadrlarda 2023-cü il iyulun 17-də eksperimental dəniz dronunun Krım körpüsünə hücum anı əks olunub.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun sözlərinə görə, körpünü vurmaq üçün 850 kiloqram partlayıcı ilə təchiz olunmuş “Sea Baby” (“Dəniz körpəsi”) dronundan istifadə olunub. O bildirib ki, dronun hazırlanmasına Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlanıb və bu, aylarla davam edən işin nəticəsidir.

Görüntüləri dronun operatoru lentə alıb. Burada dronun körpüyə necə yaxınlaşdığı əks olunub. Xarici müşahidə kameralarından görüntülənən başqa bir videoda isə dronun körpünün yol hissəsinə hücum etdiyi, digərinin isə qarşı tərəfdəki dəmiryol hissəsinin yaxınlığında partladığı qeydə alınıb.

Vasili Malyuk, həmçinin, oktyabrın 8-də Krım körpüsünə edilən hücuma görə də məsuliyyəti üzərlərinə götürüb, lakin təfərrüatlı məlumat verməkdən imtina edib. Onun sözlərinə görə, suüstü dəniz dronları Ukrayna Təhlükəsizlik Xidmətinin unikal ixtirasıdır. Onların köməyilə Ukrayna xüsusi xidmət orqanları Rusiyanın “Oleneqorski qornyak” gəmisinə və “Siq” tankerinə hücum ediblər.

“Biz Qara dəniz də daxil olmaqla bir sıra yeni maraqlı əməliyyatlar üzərində işləyirik. Sizə söz verirəm, bu, olduqca həyəcanlı olacaq, xüsusilə düşmənlərimiz üçün”, – deyə Malyuk vurğulayıb.

Xatırladaq ki, 2023-cü il iyulun 17-nə keçən gecə Krım körpüsündə partlayış baş verib. Körpünün avtomobil yolu keçən hissəsi zədələnib və Rusiya hakimiyyətinin fikrincə, zədəli hissənin bərpası bir milyard rubla başa gələcək.

Mənbə: Meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir