Dünya

Afrikada müharibə təhlükəsi: Fransanın qitədə qalması üçün son şansı – ŞƏRH + FOTO

Sharing is caring!


Afrikada təbii qaz, neft, uran və başqa təbii sərvətlər olan ölkələrə nəzarət etmək böyük güclərin ənənəvi hədəflərdir. Mövqelərin itiriləcəyindən ehtiyat edənlər Nigerə hərbi müdaxiləni istisna etmirlər. Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigeriyanın paytaxtı Abucada fövqəladə iclası olub. Toplantıda Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilərə qarşı atılacaq addımlar müzakirə olunub. ECOWAS Komissiyasının sədri Ömər Aliu Tureyin sözlərinə görə, quruma üzv ölkələrin Baş Qərargah rəislərinə Nigerdə konstitusiya quruluşunu bərpa etmək vəzifəsi ilə ehtiyat qüvvələri hərtərəfli hazır vəziyyətə gətirmək tapşırılıb: “Nigerdə konstitusiya quruluşunun bərpası üçün bütün variantlar masa üzərindədir”. Qeyd olunub ki, ECOWAS Nigerdə vəziyyətin sülh yolu ilə nizamlanmasına da sadiqdir.

Deməli, ECOWAS Nigerdə hərbi çevrilişdən sonra hərbçilərin komandanlığından qanuni hakimiyyətin bərpasını tələb etmişdi. Bu quruma Benin, Qambiya, Qana, Qvineya-Bisau, Kot-d-İvuar, Kabo-Verde, Liberiya, Niger, Nigeriya, Seneqal, Sierra-Lione, Toqo, Burkina-Faso, Qvineya və Mali daxildir. Nigerin qonşuluğunda yerləşən son üç ölkədə hərbi çevriliş olduğundan təşkilata üzvlüklərini dayandırıblar. Ona görə də ECOWAS-ın faktiki üzvlərinin sayı 12-yə enib. Fransa Xarici İşlər Nazirliyi Nigerdə qanun-qayda yaratmağı hədəfləyən ECOWAS-ı dəstəklədiyini bildirib.

ABŞ və Fransanın bu məsələdə daha çox canfəşanlıq etdiyi görünür. Bir neçə gün öncə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Nigerə səfər etmişdi. O, hərbi rejimin başçısı Abdurahman Çiani və legitim prezident Məhəmməd Bazumla görüşə bilməmişdi. Bu onu göstərir ki, hərbçilərin komandanı onların şərtlərini qəbul etməyib. ABŞ-nin dövlət katibi Antoni Blinken isə Ağ Evin ECOWAS-ı dəstəklədiyini, habelə qanuni prezidentin təhlükəsizliyinə görə hərbçilərin məsuliyyət daşıdığını vurğulayıb.

Seneqal, Benin və Kot-d’İvuar Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırdıqlarını açıqlayıblar. Nigerin devrilən prezidenti Məhəmməd Bazum hələ 2022-ci ildə Silahlı Qüvvələrdə 30 min hərbçinin olduğunu, 2025-ci ildə onların sayını 50 minə çatdırmağı hədəflədiklərini qeyd etmişdi. Ehtimal etmək olar ki, Nigerdə hərbçilərin sayı qısa müddətdə artırıla bilər. Əgər xarici dəstək olarsa, Nigerdəki 30 minlik yerli ordu ilə 25 minlik gəlmələr arasında müharibə baş verər. Əslində Nigerdə baş verənlər ölkənin daxili işi sayılır. Fransa da daxil olmaqla xarici qüvvələr yalnız vəziyyətin normallaşması, sabitlik və əhalinin təhlükəsizliyinin təmin olunması, habelə legitim hakimiyyətin hüquqlarını müdafiə etmək kimi məsələləri dinc tədbirlərlə həyata keçirə bilərlər. Bundan başqa, BMT Təhlükəsizlik Şurasında da məsələnin müzakirəyə çıxarılması mümkündür. Ancaq Fransanın davranışından göründüyü kimi, kənar qüvvələr daha çox məsələnin hərbi müdaxilə ilə həllinə üstünlük verirlər. Bu isə Nigerə qarşı müharibə kimi də dəyərləndirilə bilər. Belə şəraitdə Fransa və müharibəni dəstəkləyənlər beynəlxalq hüququ pozmuş olurlar.

Əlbəttə, məqsədimiz Nigerdəki hərbi rejimi müdafiə etmək deyil. Sadəcə, dünyanın aparıcı güclərinin bu tip məsələləri güc yolu ilə həllinin yolverilməzliyini çatdırmaqdır. Çünki məsələnin hərbi yolla həlli perspektivdə Afrikanın qərbində yeni müharibə ocağının yaranacağını qaçılmaz edir. Bundan başqa, problemlərin silahlı yolla həlli ənənəsi genişlənər və dərinləşər. Məlumdur ki, belə çevrilişlər ölkədə təbii sərvətlərə nəzarət məsələsində əl dəyişməsini də qaçılmaz edir. Yaxud Niger özünə yeni tərəfkeş müəyyənləşdirər. Belə vəziyyətdə isə Fransa Afrikanın bu ölkəsindən birdəfəlik qovular.

Hazırda Fransanın aparıcı olduğu sayılan Avropa İttifaqı Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilərə qarşı ilk sanksiyalar hazırlayır. Artıq ECOWAS sanksiya tətbiq edib. Nigerin keçmiş prezidentləri və baş nazirləri qurumu məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Onlar sanksiyaların fəlakətə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Dövlətin keçmiş yüksək vəzifəli məmurlarının müraciəti hərbi müdaxilənin nəticəsinin faciəli olacağını ehtimal etməyə əsas verir. 1956-cı ildən Fransa Afrikada müxtəlif ad altında müharibə aparıb. Qərbi Saxara, Kamerun, Tunis, Qabon, Çad, Zair, Ruanda, Somali, Cibuti, Konqo, Mərkəzi Afrika Respublikası, Sierra-Leone, Liviya, Mali Fransa hərbçilərinin törətdiyi cinayətlərin şahididir. Bu ölkələrdə apardığı müharibələrdə, silahlı əməliyyatlarda Fransa məğlub olub. Afrikanın mərkəz hissəsinə Fransanın təsir imkanları azalıb. Yenidən müharibəyə girişmək Parisin bu qitədə qalması üçün son şans da sayıla bilər.

Niger hadisələri rəsmi Parisin bu qitədə apardığı hərbi, siyasi və humanitar siyasətin iflasının göstəricisidir. Nigerdə müharibənin başlaması Ukraynada da hadisələrin sürətlənməsinə səbəb olar. Çünki Ukraynada olduğu kimi, Nigerdə də əsasən Qərblə Rusiyanın maraqları toqquşur. Ehtimal etmək olar ki, birincilər Afrikaya nəzarəti əldən çıxarmamaq üçün Ukraynada müharibəni ya tez başa çatdıracaq, ya da əlüstü atəşkəsə nail olmağa çalışacaqlar. Nigerə hərbi müdaxilə olarsa, Rusiya orada Qərblə hibrid müharibə apara bilər. Bu isə Ukrayna müharibəsinin miqyasının genişlənməsi deməkdir. Fransa kimi dövlətlərin artan iştahası Afrikada yeni savaşa yol açır. Tarixi hadisələrə əsasən ehtimal etmək olar ki, bu savaş Rusiyanı Ukraynadan, Fransanı isə Afrikadan məhrum edə bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir