Dünya

Luis Moreno Okampo – rüşvət və ofşor bataqlığı, gizli əlaqələr, pullu xidmətlər – ŞƏRH + FOTO

Sharing is caring!


Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo son günlər qalmaqallı bəyanatı ilə gündəmə gəlib. Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi olan Moreno, deyəsən, beynəlxalq hüquqdan da xəbərsizdir. Beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisi sayılır və buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir.

Bu səbəbdən Luis Moreno Okamponun kim olması barədə kiçik bir araşdırma apardıq. Moreno 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. İxtisasca hüquqşünas olan Moreno 2003-cü ildən 2012-ci ilin 5 iyun tarixinə qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Əslində, argentinalı olması onun hazırladığı qeyri-qanuni hesabata işıq tutur. Argentinanın dövlət səviyyəsində Ermənistanı dəstəkləməsi heç kəsə sirr deyil və Okampo da dövlətinin siyasətinə sadiq qalıb.

Okamponun Ermənistana və cinayətkar ermənilərə sevgisinin tarixi keçmişə gedib çıxır. Hələ 2010-cu ildə, BCM-in prokuroru olduğu dövrdə Ermənistana səfər edərək Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Forumunda iştirak edib. Onun bu forumda iştirakı ilə yanaşı, Ermənistana o dövrdə rəhbərlik edən Serj Sarqsyanla görüşü diqqətdən yayınmayıb. Görüşlə bağlı Serjin: “Ölkəmizdə insan hüquqlarının müdafiəsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlərin pislənməsi ilə məşğul olan və böyük təcrübəyə malik insanların olması bizim üçün çox vacibdir”, – açıqlaması mənzərənin nə dərəcədə iyrənc olduğunu bir daha göz önünə gətirir. Xocalı cəlladı, hərbi cinayətkar Serjin dilindən bu sözləri eşidən Okamponun hansı hisslər keçirdiyi məlum deyil. Amma fotolardan erməni cəllada süni təbəssüm və heyranlıq dolu nəzərlə baxdığı məlum olur.

Xocalı soyqırımında aktiv iştirak edənlərdən sayılan Serjin bu cinayətinin bütün dünyada tanınmasına rəğmən, BCM kimi qurumun prokuroru olan Okamponun saxta gülüşü və görüşdən sonra: “Onların fəaliyyəti insan hüquqlarının qorunmasına yönəlib və əsas məqsədlərdən biri sonrakı soyqırımlarının qarşısının alınmasıdır”, – tipli açıqlaması erməni lobbisinə necə xidmət göstərdiyini sübut edir. Əgər fəaliyyəti insan hüquqlarının qorunmasına yönəlibsə, hərbi cinayətkarla əl sıxışmaq hansı çərçivəyə sığır? Əgər əsas məqsədi sonrakı soyqırımlarının qarşısını almaqdırsa, Xocalı soyqırımına imza atan biri ilə necə görüşə bilir? Okampo əvvəlcə vicdanını qarşısına qoymalı, bu iki suala cavab tapmalıdır. Cəlladın əlini sıxaraq özünü hüquqşünas, insan hüquqlarını qoruyan, cinayətkarlığa qarşı mübarizə aparan adlandırmaq həyasızlığın hansı səviyyəsidir?

Amma Okamponun cinayətləri bununla bitmir və bu barədə daha ətraflı aşağıda məlumat verəcəyik. Okampo prokuror kimi 2012-ci ilin 5 iyun tarixində postunu Qambiyadan olan Fatu Bensudaya təhvil verib. Elə qalmaqallar da buradan start götürüb.

Məlum olub ki, Fatu Bensuda keçmiş prokuror Moreno ilə mütəmadi olaraq məsləhətləşib və gizli sənədləri ona ötürüb. Bu, aparılan araşdırmalarda elektron poçtların yoxlanılması zamanı üzə çıxıb. Bensuda məxfi BCM sənədlərini belə, Moreno ilə paylaşmaqdan çəkinməyib. Onun Okampo üçün lobbiçilik etdiyinə dair şübhələr də ortaya çıxıb. Bensuda dərhal məhkəmənin iki əməkdaşının işinə xitam verib və onların guya Okamponun adından gizli lobbiçilik etdiklərinə dair Avropa İstintaq Əməkdaşlıq Təşkilatı (EIC) tərəfindən irəli sürülən iddialar üzrə daxili araşdırma elan edib. İki əməkdaş məhkəmənin mətbuat katibi Florens Olara və beynəlxalq əməkdaşlıq müşaviri Cennifer Şensedir. Onlar Okampoya məhkəmə daxilindən köməklik göstərməkdə və işini tərk etdikdən sonra da daxili məlumatlarla təmin etməkdə ittiham edilirlər.

Qalmaqal üzə çıxdıqdan sonra Bensuda vəziyyəti yatırtmaq üçün əvvəlcədən hazırlanmış bəyanatlarla çıxış edib. O, Okampodan məsləhət almadığını, onunla əlaqə saxlamadığını və birlikdə işləmədiyini bəyan edib.

Daxili sənədlər isə bu bəyanatların əksinə olan mənzərəni ortaya qoyub. Bensuda Okampo ilə tez-tez danışıb, məlumat paylaşıb, məsləhət alıb, daxili sənədləri ona göndərib. Bununla da Beynəlxalq Cinayət Məhkəməsinin “daxili məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı” qaydanı pozub.

Bensudanın 2013-cü ildə Keniya məsələsi ilə bağlı Okampoya müraciət etdiyi üzə çıxıb. Eyni zamanda, Moreno təqaüdə çıxdıqdan sonra Kolumbiya hökuməti ilə 40 ildən çox qanlı müharibə aparan Farc üsyançıları arasında vasitəçilik etməyə başlayıb. Elə Bensuda ilə də bu məsələ ilə bağlı danışıqları olub və Okampo regiona səfər edəcəyini bildirib. Maraqlıdır ki, bir neçə həftə sonra Bensuda şəxsi elektron poçtu vasitəsilə Okampoya Kolumbiya Konstitusiya Məhkəməsinin sədrinə Kolumbiyadakı sülh danışıqları ilə bağlı mövqeyini aydın şəkildə bildirən məktub göndərdiyini xəbər verib. O, məktubu Okampoya göndərdiyi poçta əlavə edib.

Moreno ilə bağlı qalmaqal bununla da bitmir. 2017-ci ildə Almaniyanın nüfuzlu “Spiegel” nəşri yeni qalmaqallı məqalə yayımlayıb. Məlum olub ki, Okampo hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Britaniya Virciniya adalarında müxtəlif şirkətlərə rəhbərlik edib, bunu bəyan etməyib. Eyni zamanda, məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda məşhur aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-in həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın da adı var.

2012-ci ilin 15 avqust tarixində, yəni BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi iki ay on gün sonra Okamponun Niderlandın “ABN Amro” bankındakı hesabına 50 min dollar köçürülüb. Pul İsveçrədəki hesabdan köçürülüb və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilib. Növbəti aylarda pul transferi çoxalıb. 140 min dollar Niderlanddakı hesaba bir neçə tranşla, Panama vasitəsilə ötürülüb.

Panamanın kommersiya reyestrinə görə, “Furman Management” adlı şirkət “Tain Bay”in prezidenti kimi fəaliyyət göstərib. Amma Fransanın “Mediapart” araşdırma saytı tərəfindən əldə edilən məlumata görə və jurnalistlər tərəfindən təhlil edilən sənədlərə əsasən, Panamadakı “Tain Bay” korporasiyasının arxasında həqiqətdə kimin olduğu üzə çıxıb. Bu, Okampo və həyat yoldaşıdır. Moreno prokuror kimi fəaliyyətini başa vurduqdan sonra aktivlərini təmkinli şəkildə dəyişdirmək istəyirdi. “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında (BVI) da bir şirkətin sahibidir. Onun həyat yoldaşı Belizdəki “Lucia Enterprises” şirkətinin sahibidir. Uruqvayda qeydiyyatdan keçmiş “Transparent Markets” şirkəti də onlara məxsusdur. Sənədlərə görə, Okampo ofşor şirkətlərinin gizli qalmasına böyük əhəmiyyət verir. Görəsən, niyə? Bəlkə, bu hesablara axan pulların mənbəyini gizli saxlamaq istəyir?

Panama, Beliz və Britaniya Virciniya adaları maliyyə əməliyyatlarını gizlətmək və vergilərdən yayınmaq üçün mükəmməl yerlərdir. Okampo bunu çox gözəl bilir. Axı o, bir vaxtlar “Transparency International” təşkilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki, vergi cənnətlərində maliyyə sirri ilə mübarizədə fəaldır.

Bu, Okamponun səlahiyyət müddətində ofşor şirkətlərlə əlaqəsinin olmasını daha da təəccüblü hala gətirir. Sənədlərə görə, baş prokuror və həyat yoldaşı BVI-da qeydiyyatdan keçmiş “Yemana Trading” şirkətinin səhmdarları olublar. Şirkəti ofşor biznesləri “Panama sənədləri” ilə ifşa olunmuş “Mossack Fonseca” hüquq firması idarə edirdi.

“Yemana Trading” Fransa bankı “Crédit Agricole”un Cenevrə filialında şirkət hesabı açıb. 2009-cu ilin dekabrında, hələ də ICC-də işləyərkən, Okampo “Crédit Agricole”dakı bankirə yazıb: “Mən yanvar ayında neft almaq üçün birbaşa yol tapmaq istərdim”. Amma bankir ona vəsait yatırmağın daha yaxşı olacağını söyləyib.

2009-cu ildə Britaniya Virciniya adaları ofşor şirkətlərin benefisiar sahiblərinin anonim qalmasını çətinləşdirən yeni qaydalar çıxarmışdı. Qanun 2010-cu ildə qüvvəyə minməli idi. Elektron poçt mübadiləsi göstərir ki, Okampo ofşor biznesini dəyişmək istəyirdi, lakin onların vaxtı tükənirdi. Çünki qaydaların qüvvəyə minməsinə az qalmışdı. Bu səbəbdən 18 dekabrda bankir Okampoya yazırdı: “Vəziyyəti nizama salmaq üçün dekabrın 31-nə qədər vaxtımız var”.

O, BVI şirkətini ləğv etmək üçün “Yemana Trading”in “Mossack Fonseca”dakı meneceri ilə əlaqə saxladığını bildirib. Beləliklə, Okampo öz daşıyıcı səhmlərinin “orijinal sertifikat”larını “Mossack Fonseca”ya qaytarmalıdır.

Okampo ona köməyə görə təşəkkür edib və yeni ofşor imkanları axtarmağa başlayıb.

“Mən Fonseka əhalisi ilə Panamada şirkət qurmaq üçün danışıram”, – deyə bankirə yazıb. Əlavə edib ki, “mənə deyirlər ki, bunu 48 saat ərzində edə bilərlər”. Göründüyü kimi, Okampo o zaman “Yemana Trading”i bağlayıb və “Tain Bay”in sahibi olub.

“Der Spiegel” nəşri Londonda müsahibə zamanı Okampo və həyat yoldaşının üç ofşor şirkəti barədə sual versə də, Moreno şirkətlərin varlığını inkar etmir, bunun qeyri-qanuni olmadığını müdafiə edirdi:

“Mən elə bir ölkədə özümü qorumalı oldum ki, banklar bir gün sizin pulunuzu almağa qərar versinlər. Beləliklə, Argentinadan kənarda pulum var idi”.

Dindirilərkən Okampo ailəsinin ofşor şirkətlərdən istifadə edərək vergidən yayındığını inkar edib. Okampo işlədiyi müddətdə Niderlandda öz vergilərini ödədiyini söyləyib. O bildirib ki, heç vaxt BCM-ə ofşor biznesi barədə deməyib, çünki “onlar heç vaxt soruşmayıblar”. Həmin ofşor biznesləri niyə gizli saxladığını soruşduqda isə o belə cavab verib: “Siz o faktları elə təqdim etməyə çalışırsınız ki, guya mən səhv etmişəm. Mən heç bir səhv etməmişəm”.

Okampo prokuror işlədiyi dövrdə də müəyyən səhvlərə yol verib və bir sıra ittihamlarla üzləşib. Məsələn, 2011-ci ildə Keniya prezidenti Uhuru Kenyatta və digər hökumət və müxalifət rəsmilərinin həbsi ilə bağlı order alıb. Kenyatta minlərlə insanın ölümündə ittiham olunsa da, dəlil və şahidlərin olmaması, Keniyadakı siyasi hadisələr Morenonun sələfi Bensudanı 2015-ci ildə məhkəmə araşdırmasını dayandırmağa məcbur edib.

Okamponun cinayət əməlləri bununla da bitmir. O, 2012-ci ildə şübhəli fəaliyyətlə məşğul olan, Qəddafi rejiminə yaxın olan Liviya neft milyonçusunun lobbiçiliyi ilə məşğul olan və həmçinin onun əvvəlki işlərinə müdaxilə edərək pullarını talayan məsləhətçi firma qurub. Onun adı neft maqnatı, bir neçə ölkə tərəfindən korrupsiyada ittiham edilən Həsən Tatanaki ilə hallanıb. Həsən Tatanaki əvvəlcə Liviyada Qəddafi rejimini dəstəkləsə də, sonradan qiyamçı generala dəstək verir və prezident olmaq eşqinə düşür. Qalmaqal isə 2017-ci ildə üzə çıxır.

Əldə edilən sənədlərə əsasən, 2015-ci ildə Tatanaki Okampo ilə üç milyon dollar dəyərində konsaltinq xidmətləri üçün üç illik müqavilə imzalayıb. Müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün yalnız 750 min dollarlıq ilk ödəniş edilib.

Okampo deyir ki, o, Liviya vətəndaşlarına kömək etmək üçün işə başlayıb. Lakin sənədlərdən belə çıxır ki, ona mümkün problemlər barədə xəbərdarlıq edilib.

Məsələn, bir neçə məktub keçmiş prokurorun Haftar və onun tərəfdarları ilə əlaqələrinin mahiyyətini ortaya qoyur. Birində Tatanakinin əməkdaşı Ömər Xəlifə Okampoya Misirin “təhlükəsizlik xidmətləri”nin nümayəndələri ilə görüşü barədə danışıb və əlavə edib ki, “Həsən Misirin milli kəşfiyyat rəhbəri ilə əlaqə saxlayır”. Başqa bir məktubda Okamponun əməkdaşlarından biri “YouTube”dakı audioyazıya (ehtimal ki, qiyamın ilk günlərində Seyf əl-İslam Qəddafi ilə telefon danışığının səsyazısı) istinad edir ki, burada diktatorun oğlu Tatanakinin hələ də rejimi “dəstəklədiyini” deyir.

2015-ci ilin may ayında Haftara sadiq bir hərbi lider Tatanakinin “Libya Awalan TV” televiziyasına müsahibə verib. O, Haftara dəstək verməyənlərin “öldürüləcəyini” və əvvəlcə “qadınlarının gözləri qarşısında zorlanacağını” bildirib. Məktublardan aydın olur ki, Okamponun komandası bu işi potensial problemli hesab edib.

Bir neçə gün sonra Okampo Ömər Xəlifə məktub yazaraq Tatanakini Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mümkün təqiblərdən qorumaq üçün plan hazırlamağı təklif edib…

Qısacası, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var. Bu kiçik yazıda, sadəcə, onlardan birinə toxunduq. Azərbaycana və onun yürütdüyü siyasətə qarşı fikir bildirmədən öncə Okampo əvvəlcə öz keçmişinə baxmalıdır…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir